İrandan şok etiraf: Ukraynaya məxsus sərnişin təyyarəsi səhvən vurulub
Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi "insan səhvi" nəticəsində təsadüfən vurulub.
APA TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün vurduqlarını bildirib.
İranın İRİB dövlət televiziya və radio şirkəti də məlumat yayıb ki, təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub.
İranın Xarici İşlər naziri Cavad Zərif öz növbəsində "Twitter" hesabında yazıb ki, "ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi" qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.
İran Prezidenti Həsən Ruhani özünün “Twitter” səhifəsində bildirib ki, “İran İslam Respublikası Ukraynaya məxsus təyyarənin Tehran yaxınlığında vurulması ilə bağlı faciəvi səhvə görə dərin təəssüf hissi keçirir”.
Ruhani faciə qurbanlarının yaxınlarına başsağlığı verib. O qeyd edib ki, hadisənin araşdırılması bu "böyük faciə" və "bağışlanılmaz səhv"in baş vermə şəraiti aydınlaşdırılana qədər davam edəcək. İran Prezidenti Ukrayna təyyarəsinin məhv edilməsinə səbəb olan günahkarların məsuliyyətə cəlb edəcəyinə söz verib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.