İri ticarət obyektləri və “Mall”lar fəaliyyətə başladı

Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına əsasən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti mayın 31-i saat 00:00-dan bərpa olunsa da bəzi iri ticarət obyektləri işlərinə bu gündən start veriblər.

APA TV xəbər verir ki, səhər saatlarından vətəndaşlara qapılarını açan satıcılar səbirsizliklə bu günü gözlədiklərini və malları maya dəyərindən ucuz satdıqlarını bildirdilər:

“Biz bu anı gözləyirdik neçə aydır ki, hər şey gözəldir. Neçə aydır işsiz qaldıq deyə elə qiymətlər var ki, malı lap aşağı veririk ki, əlimizdə pul olsun”.

 “Biz iki aydır satış etmədiyimiz üçün bu gün açmışıq. Buna da sevinirik. Əvvəlki satdığımızdan daha ucuz satmağa başlamışıq malları. Az-az da müştərilər gəlir, satmağa davam edirik”.

 “Ölkədə tətbiq edilən xüsusi karantin rejimi müddətində fəaliyyətini dayandıran iri ticarət mərkəzləri artıq bu gündən fəaliyyətə başlasa da bazarlarda müştəri qıtlığı müşahidə edilir”.

Gün ərzində o qədərdə müştərinin olmadığının biz də şahidi olduq. Satıcılar bunu müştərilərin hələ ki, gəlməyə çəkinməsi ilə əlaqələndirdilər. Sanitar epidemioloji tələblərə riayət etməyə gəlincə, ticarət mərkəzlərində həm satıcılar, həm də müştərilərin tibbi maskalardan istifadə etməsi mütləqdir. Bazar ərazisində qaydaları pozan şəxslər barəsində isə ərazidə xidmət aparan mühafizə bölməsinin əməkdaşları tərəfindən polisə müraciət ediləcək.

“Mall”arın fəaliyyətinə gəlincə, giriş hissədə quraşdırılan termometrlər vasitəsilə müştərilərin temperaturuna nəzarət edilir. Tibbi maskadan istifadə etməyən müştərilər isə ticarət mərkəzinin ərazisinə buraxılmır. Həmçinin ticarət obyektlərinin ərazisində dezinfeksiyaedici maddələr də yerləşdirilib.

İri ticarət mərkəzlərinin və “Mall”arın nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları isə hələ ki, fəaliyyət göstərmir.

Qeyd edək ki, virusun geniş yayılmasını nəzərə alaraq iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılmışdı.

İsa İsmayılov

Musa Qulammirzəyev

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv