İşçilərin ixtisarı və əmək haqlarının azaldılmasına yol verilməməlidir - NAZİRLİKDƏN XƏBƏRDARLIQ
İqtisadiyyat Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.
APA TV-nin xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elşən Rəhimli bildirib ki, pandemiyanın yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir: “Vergi orqanları tərəfindən işçi saylarının azaldılması, əmək haqlarının azaldılması, xüsusən də əmək ödənişlərinin təyinatı üzrə işçilərin əmək kartına yönəldilməməsi və eyni zamanda sosial sığorta öhdəliyinə yönəldilməməsi halları təyin olunacaq, araşdırılacaq. Bu hallara yol verildiyi təqdirdə həmin vergi ödəyiciləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş nəzarət tədbirləri həyata keçiriləcək. Xüsusən də həmin vəsaitlərin geri qaytarılması təmin olunacaq”.
Qeyd edək ki, ötən günə qədər muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31.180 fərdi (mikro) sahibkar müraciət edib. Onların müraciətlərinin araşdırılması və maliyyə vəsaitinin ayrılması istiqamətində işlər davam etdirilir.