İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb
Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.
Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində oktyabrın 16-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.
Mərasimdə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.