İsmayıllıda narkotik yetişdirən qonşular tutuldu
İsmayıllıda narkotik plantasiyası salan iki qonşu saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Paşayev saxlanılıb.
Onun Diyallı kəndində kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 246 kiloqrama yaxın olan 784 ədəd çətənə bitkisi və 12 kiloqram 635 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb. Eşqin Paşayev həmin narkotik tərkibli bitkiləri qurudandan sonra satmaq istədiyini etiraf edib.
Araşdırma zamanı Eşqin Paşayevin bundan əlavə İsmayıllı şəhər sakini Əlmurad Bəkirovla əlbir olaraq, Diyallı kəndi ərazisində daha 481 ədəd çətənə bitkisi becərdikləri müəyyən olunub. Həmin çətənə kolları da kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Şahnəzər Bəşirov
APA TV