İsmayıllıda xuliqanlıq hadisəsi: tərəflər bir-birini günahlandırır

İsmayıllıda xuliqanlıq hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə İsmayıllının Nizami küçəsində qeydə alınıb.

Rayon sakinləri Güllü Yusubova və oğlu Nəsib Yusubov şəhərin Nizami küçəsindəki 2 saylı ünvanda yerləşən və sahibkar Ələkbər Əsgərliyə məxsus "Qardaşlar" adlı mağaza, çay evi və avtomobillərin yağdəyişmə məntəqəsinə gələrək orada münaqişə yaradıblar.

Hər üç obyektin sahibi onların bayıra çıxmasını tələb edərkən ana və oğlu mağaza sahibi Ələkbər Ələsgərlini və onun qardaşı Asim Əsgərlini döyüb, oradakı vitrinləri dağıdıb, obyektə ziyan vurublar. Sonra Nəsib Yusubov şəxsi "Priora" markalı minik avtomobilinə əyləşərək onu mağaza sahibinin qardaşı Asim Əsgərliyə məxsus "VAZ-2107" markalı minik avtomobilinə çırpıb.

Mağaza sahibi və qardaşı bu şəxslərin törətdiyi xuliqanlıq hərəkəti barədə şikayət etmək üçün rayon polis şöbəsinə gedərkən yenə hücuma məruz qalıblar. Nəsib Yusubov idarə etdiyi "Priora" markalı avtomobili sürətlə qarşıda gedən Asim Əsgərlinin "VAZ-2107" markalı avtomobilinə çırparaq nəqliyyat vasitəsini aşırıb. Nəticədə qardaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mağaza və avtomobil sahibi olan qardaşlara ümumilikdə 5 min manat maddi ziyan dəyib. Xuliqanlıq hadisəsi törədən qadın və oğlu rayon polis şöbəsinə dəvət edilib, izahatları alınaraq sərbəst buraxılıb.

Güllü Yusubova isə bunların doğru olmadığını iddia edir. O, hadisənin tam tərsinə baş verdiyini bildirir. Qadın əvvəlcə Ələkbər Əsgərli və onun qardaşı Asim Əsgərlinin onun oğlu Nəsibə xəsarət yetirdiyini deyir.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv