İsrail səfiri: “Azərbaycan vətəndaşları üçün viza prosedurları sadələşdiriləcək”

“Dost ölkə və strateji tərəfdaşımız olan Azərbaycanda səfir olmaqdan qürur duyuram”.

 

APA TV-nin xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, bütün dinlərin nümayəndələri Azərbaycanda təhlükəsiz şəraitdə yaşayırlar: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Biz münaqişənin nə olduğunu və nəticələrini yaxşı bilirik. İsrail ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunacaq razılaşmaya İsrail tərəfi də hörmət edəcək”.

 

Azərbaycanın yəhudi xalqının dostu olduğunu deyən səfir hər iki ölkənin münasibətlərinin əsasını iki sahə - energetika və təhlükəsizlik təşkil etdiyini vurğulayıb: “İsrail neft idxalının böyük hissəsini Azərbaycandan edir. Ölkələrimiz, xalqlarımız və işgüzar dairələr arasındakı əlaqələr də dərinləşir, inkişaf edir. Turizm ikitərəfli əlaqələrin inkişafında yeni və perspektivli istiqamətdir. 2016-cı ildə Azərbaycana 10 min turist gəlmişdisə, 2019-cu ildə bu rəqəm 60 min olub”.

 

Diplomat bunlarla yanaşı, iki ölkə arasında aviasiya sahəsində əldə olunan sazişin bu gün hər iki istiqamətdə həftədə beş dəfə birbaşa uçuş həyata keçirilməsinə imkan verdiyini vurğulayıb. Bildirib ki, israillilər Azərbaycana çox sayda səfər edirlər və yaxın zamanda bu rəqəm yeddiyə çatacaq.

 

Səfir həmçinin tərəflərin Azərbaycan vətəndaşları üçün viza alınması prosedurlarının sadələşdirilməsi istiqamətində də addımlar atıldığını açıqlayıb. Qeyd edib ki, bu mövzuda Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edilir və  bu prosesin rəqəmsallaşdırılması barədə işlər görülür.

 

Corc Dik İsrail Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı çağırış etmədiyini vurğulayıb: “Azərbaycan cənubda İranla sərhəddir. İran İsraili məhv etməyə dair çağırışlar edir. İsrail XİN isə bu barədə vətəndaşlarımızı məlumatlandırır. İsrail Xarici İşlər Nazirliyi tərəfindən ölkə vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı xəbərdarlıq edilməyib. Əksinə, XİN vətəndaşlarımızı Azərbaycana səfər etməyə çağırır. İsrail XİN bəzi hallarda bir sıra ölkələrdə yaşayan vətəndaşlarına xəbərdarlıq edir ki, bu, daha çox təhlükəsizliklə bağlı olur”.

 

Sonda səfir ölkəsində Azərbaycan səfirliyinin açılmasını arzuladıqlarını söyləyib.

 

Elvin Paşazadə,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv