İsti gündə sərin dənizə necə gedək? – QAYDALAR HAZIRLANIR

Havaların yavaş-yavaş isinməsi hamının könlünə bir məkanı salır. Çimərlikləri. Hələ ki, mövsüm olaraq bir qədər tez olsa da bu yayda ən çox üz tutulan məkanlardan biri də dəniz olacaq desək yalan olmaz.

 

Ölkədə tətbiq edilən karantin rejimi bu yay insanları istirahətsiz qoymayacaq. Belə ki, yayın əvəzolunmaz istirahət məkanlarından biri, dəniz də bu mövsümdən etibarən vətəndaşlara xidmət göstərəcək.

APA TV xəbər verir ki, bəli, insanları düşündürən suallardan biri də çimərliklərin fəaliyyəti ilə bağlı idi. Lakin, Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında çıxış edən Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun açıqlaması hamının könlünə sərinlik gətirdi: “Çimərliklərlə bağlı qaydalar hazırlanır. Komissiya yaradılıbdır. Yəqin ki, bu yaxınlarda mətbuata xüsusi material təqdim olunacaqdır. Yeni bir şey demək çətindir. Sosial məsafə saxlamaq vacib məsələdir. Yəqin ki, biz burada mütəxəssislərlə götür qoy edirik, ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın. Elektron  sistemdən istifadə etmək niyyətindəyik. Əgər bu proqram özünü doğrultsa, mütəxəssislər təkliflər hazırlayırlar. Vətəndaş evdən çıxmamışdan qabaq çimərlikdə özünə yer sifariş verə bilər. Bu yer onunkudur, və onu gözləyir. Əks halda 100 nəfərlik çimərlikdə birdə gördün ki, 200 nəfər gəldi. Hər halda biz axtarışdayıq proqramda hazırlanır.

Məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərin öyrəndik. SMS göndərib dənizə getmək fikrinə insanların münasibəti belə oldu:

- Normal bir şeydir bu dəqiqə ölkəmizdəki pandemiya ilə əlaqədar lazımdırsa göndərərəm.

- Dənizin suyunu yoxlamaq lazımdır. Təmiz olsun, mikrob olmasın. Əsas məsələ odur.

- Elə olmalıdır. Başqa cür necə ola bilər? Mənim nəvələrimin, ailəmin, cəmiyyətimizin sağlam olmağı bizə daha xeyirdir. Koronavirusla bağlı camaatda xof var qoy o götürülsün. Hamı rahat yaşasın, azad şəkildə də dənizə getsin. Mən onun tərəfdarıyam, sms göndərək dənizə gedək.

Yarana biləcək sıxlığın qarşısı bununla alınacaqmı? Sualımıza isə sakinlər belə cavab verdi:

- İnanmıram. Alınmayacaq çox güman ki, hamı gedəcək çox gümanki.

- İnanmıram. Sıxlıq tək dənizdə deyil ki, sıxlıq hər yerdə var.

- Onu zaman göstərəcək. İnşallah qurtarar hamı azad həyata qovuşar.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən APA TV-nin sorğusuna cavab olaraq bildirildi ki, sms-lə yer sifariş etmək gündəmdə olsa da hələ təsdiqini tapmayıb. Dənizə gedənlər üçün müəyyən məhdudiyyətlər olacaq. Ancaq, bu hansı formada baş tutacaq onu yaxın zamanlarda açıqlayacağıq. Bu işə hansı qurumun nəzarət edəcəyi də hələ ki, bəlli deyil.

Növbəti aydan açılması gözlənilən çimərliklərə üz tutub oradakı hazırlıq işləri ilə tanış olduq. Restoran və kafelərin açılması hələ ki, burada heç bir istirahət mərkəzinin işinə yaramayıb. Bağlı qalan kafelər coşqun dənizə sakitlik gətirir. Hər hansı təmizlik, eləcə də təmir bərpa işlərindən söhbət belə getmir. Hər halda yaxın zamanlarda boş qalan sahil yenə də dəniz sevənləri, daha dəqiq desək icazəsi olanları bura toplaya biləcək.

Qeyd edək ki, çimərlik mövsümünün iyun ayının 1-dən açılması planlaşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv