İsti havadan qorunmağın tək yolu - ÇİMƏRLİKLƏR
Havaların getdikcə isinməsi insanları bir məkana toplayır - çimərliklərə.
Düzdür rəsmi olaraq yayı qarşılamasaq da havaların isti keçməsi çimərliyə getmək üçün yaxşı bir fürsətdir.
APA TV xəbər verir ki, ötən ildən fərqli olaraq bu il çimərliklərdə o qədər də insan sıxlığına rast gəlmədik. İlk üz tutduğumuz məkanlardan biri elə yenicə istifadəyə verilən, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Səbail rayonunda yaradılan nümunəvi ictimai çimərlik oldu.
İctimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.
Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər də həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya məhlulları qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
FHN-in Sularda Xilasetmə Dövlət Xidmətinin baş məsləhətçisi Müvəssil Allahverdiyev deyir ki, çimərliyə üz tutanların təhlükəsizliyini təmin etmək məqsədi ilə FHN-in əməkdaşları 24 saat fasiləsiz xidmət aparırlar: “Bizim xidmət artıq yay mövsümünün başlaması ilə əlaqədar olaraq, iyun ayının 15-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bizim xilasedicilərimiz nəzarət etdiyi ərazilərdə mövsüm başlanmamışdan əvvəl sualtı baxışlar keçiriblər. Əgər hər hansı təhlükəli hal aşkar edilmişdirsə əməkdaşlar tərəfindən işarələnib və vətəndaşların ora getməsinə icazə verilmir. Həmçinin məhdudlaşdırılmış ərazilərdə şarlar yerləşdirilib. Vətəndaşların real təhlükə ilə qarşılaşmasının qarşısı alınıb”.
Müvəssil Allahverdiyev onu da bildirdi ki, vətəndaşlar yalnız FHN-in əməkdaşları xidmət apardığı ərazilərdən istifadə etsinlər və hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün xilasedicilərin tələb və tövsiyələrini dinləsinlər: “Suya girməmişdən əvvəl mütləq qaydada xilasedicilərin təlimatlarına əməl etməlidirlər. Bizim xilasedicilərimiz səhər saat 9-dan, axşam saat 8-ə kimi burada fəaliyyət göstərirlər. Onlar hansı ərazinin daha təhlükəli olduğunu əvvəlcədən bilirlər və çalışırlar ki, vətəndaşlar həmin əraziyə istiqamətlənməsin”.
Üz tutduğumuz digər çimərlikdə də vəziyyət eyni idi. Karonavirus pandemiyasından qorunmaq üçün lazımi metodik göstərişlərə əməl edilir, məlumatlandırıcı lövhələrlə insanlar bilgiləndirilir. Burada da FHN-in əməkdaşları çimərliyə üz tutanların təhlükəsizliyini fasiləsiz təmin edir.
Koronavirusa yoluxmamaq üçün insanların qarşısına qoyulan tələblərdən biri də sosial məsafənin gözlənilməsi, şəxsi-gigiyenik qaydalara əməl edilməsidir. Müşahidələrimizə əsasən onu deyə bilərik ki, insanlar bu tələblərə əməl edirlər.
Hər-halda qaydalara tabe olmaq hər şeydən öncə öz sağlığımız üçündür. Qaydalara və təlimatlara ciddi nəzər yetirək ki, sərtləşdirilmiş karantin rejimində çimərliksiz qalmayaq. İsti günlərdə xoş istirahətlər diləyi ilə...
İsa İsmayılov
Faiq Həsənov
APA TV