İstirahət mərkəzindən və evlərdən oğurluq edən Masallı sakinləri həbs edildi
Masallıda istirahət mərkəzi və yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon sakini Gülhüseyn İbadova məxsus yaşayış evindən 3500 manat dəyərində məişət texnikası və mətbəx əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı şəhər sakinləri Miramid Əsgərli və Yusif Abuşov saxlanılıb.
Aparılan araşdırmalarla Miramid Əsgərlinin Masallı şəhər sakini Səyyad Hüseynovla əlbir olaraq rayon ərazisindəki daha bir evdən 2 min manatlıq ev əşyalarını, bir istirahət mərəzindən isə 6500 manat dəyərində elektrik transformatoru və müxtəlif məişət əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı