İtkin düşən uşaq meşədən tapıldı - LƏNKƏRANDA

Lənkəranda iki gündür itkin düşən 6 yaşlı uşaq meşədən tapılıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, Bəliton kənd tam orta məktəbində təhsil alan 1-ci sinif şagirdi dərsdən çıxıb evə yollanıb.

Məktəbdən təxminən 1400 metr aralıda yerləşən yaşadığı Horavenc kəndinin girəcəyində digər uşaqlardan ayrılıb və çay içi yolla getməyə başlayıb. Nəticədə azaraq meşəlik ərazidə 10 km-dən çox yol gedib.

Evə vaxtında qayıtmayan Əli Nurəddin oğlu Muradovun valideynləri Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə məlumat verib.

Axtarışlara FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Meşə təsərrüfatı idarəsinin və polis əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri cəlb olunub.

Ə.Muradov məktəbdən təxminən 15 km uzaqlıqda, Havzava kəndi ərazisindəki meşəlikdə tapılıb.

O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Uşağın vəziyyəti normaldır.

 

Müəllif | Apa.Tv
Apa.tv