I və IV ixtisas qrupları üzrə növbəti qəbul imtahanı keçirildi
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Respublikanın şəhər və rayonlarında imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə növbəti qəbul imtahanı keçirilib.
APA TV-nin məlumatına görə, sözügedən imtahanlarda ümumilikdə 20100 abituriyent iştirak edib.
İmtahanların keçirilməsi üçün ümumilikdə 85 imtahan binasında 1516 imtahan zalı ayrılıb. Budəfəki buraxılış imtahanlarının idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 1966 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Paytaxtın Nəsimi rayonunun 247 nömrəli tam orta məktəbində baş tutan imtahanda ümumi imtahan rəhbəri olan Fəxrəddin Quliyev deyir ki, imtahanlar ən yüksək səviyyədə keçirilib və heç bir qanun pozuntusu aşkarlanmayıb: “Bu gün bu binadakı 259 nəfər abituriyent iştirak edir. Onlardan 81 nəfəri qızlar, qalanları oğlanlardır. Hazırda imtahanın gedişatı yüksək səviyyədədir. Abituriyentlər imtahana vaxtında gəliblər. İmtahanda iştirak edən nəzarətçilərimiz burdadır. Hələ bir çatışmazlıq yoxdur. Hər bir şey qaydasındadır”.
Xatırladaq ki, imtahan zamanı kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. Abituriyentlər imtahana buraxılarkən tibbi yoxlamadan keçiblər və tibbi maskalarla təmin ediliblər.
Həmidağa Məcidov,
Üzeyir Ağayev,
APA TV