İcbari Tibbi Sığorta Agentliyi əməliyyatın pulunu ödəməyib? - PROFESSORDAN İTTİHAM
Son günlərdə sosial şəbəkələrdə “Kəskin Kalkulyoz Xolesistit. Yerli Peritonit” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına daxil olmuş və üzərində cərrahi əməliyyat aparılmış vətəndaşla bağlı məlumat paylaşılıb. Cərrahi əməliyyatı icra edən həkim tərəfindən bildirilib ki, xidmət icbari tibbi sığorta çərçivəsində qarşılanmayıb.
“Xəstə gəldi. İcbari Tibbi Sığortası var. Təcili Tibbi yardım maşını gətirdi Tədris Cərrahiyə Klinikasına. İcbari Tibbi Sığorta pulu ödəməkdən imtina elədi. Tədris Cərrahiyə Klinikası destruktiv politik diaqnozu qoyuldu”.
Məsələyə aydınlıq gətirmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Bildirildi ki, Agentliyə daxil olan xəstəlik sənədlərinə əsasən məlum olub ki, öd kisəsində mümkün olan destruktiv dəyişikliyi nəzərə alsaq, xəstə üzərində laparoskopik əməliyyat deyil, təcili laparotomiya əməliyyatının aparılması məqsədəuyğundur. Yəni aparılan fiziki müayinələr xəstənin öd kisəsində destruktiv dəyişiklikləri olmasını inkar edir. Xəstə dekabrın 13-də ultrasəs və laborator müayinələrdən keçib və bu müayinələrin nəticəsi də xəstəliyin kəskin prosesini təsdiqləmir. Beləliklə, qeyd olunanları nəzərə alaraq əməliyyatın təcili qaydada deyil, planlı əsasla aparılmasına qərar verilib.
Agentlikdən o da bildirildi ki, sözügedən əməliyyatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibb Mərkəzdə, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Sabunçu Tibb Mərkəzində aparılması mümkündür.
Əməliyyatı edən həkim isə deyir ki, İcbari Tibbi Sığorta Agentliyi xəstəyə Kəskin Xolesistit diaqnozu qoymayıb.
“Dedi ki, bu kəskin Kalkulyoz Xolesistit deyil. İltihablaşmış, fibilozlaşmış, gərgin, irinli öd kisəsidir. İcbari Tibbi Sığorta xalqın pulunu, xalqa qaytarmaq istəmir”.
Mübariz Əliyev xəstənin öz vəsaiti hesabına Tədris Cərrahiyə Klinikasında əməliyyat edildiyini bildirib.