İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yolumuzu niyə dağa-daşa salır?

İcbari tibbi sığorta sistemi Azərbaycan səhiyyəsində müsbət dəyişikliklər yaratsa da, bu sahədə hələ də bəzi problemlər qalmaqdadır. Əsas xoşagəlməz hallardan biri süründürməçilikdir.

Dünya təcrübəsində belədir ki, vətəndaş ən uyğun bildiyi xəstəxanaya gedir, elə oradaca sığorta ilə bağlı sənədləşmələr həll edilir və müayinə-müalicə prosesi başlayır. Ancaq ölkəmizdə hər xəstəxanada sığorta qeydiyyatı aparılmır. Yəni ölmək üzrə olsan belə yaxınlıqdakı klinikaya  getmək üçün mütləq qeydiyyatın aparıldığı başqa xəstəxanaya getməlisən, ordan səni istədikləri yerə yollamalıdırlar. Qeydiyyat prosedurunun aparıldığı yerlər məhdud olduğunda insanlar uzun-uzadı növbələrdə gözləməli olurlar. Ən ağır xəstələr belə bəzən saatlarla növbə gözləyirlər.

Digər bir məsələ… Vətəndaşlar şikayət edirlər ki, əksər hallarda onları istədikləri həkimə deyil, özləri uyğun bildikləri həkimə yollayırlar. Hətta hər göndərilən xəstəyə görə həkimdən 20 manat alındığını iddia edənlər belə var.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş həkim seçimində azaddır. Vətəndaş şəxsiyyət vəsiqəsi ilə dövlət tibb müəssisəsinə yaxınlaşdıqda ixtisas üzrə istənilən həkimi seçə bilər. Habelə özəl tibb müəssisəsinə göndəriş verilərkən vətəndaş həmin özəl tibb müəssisəsini və orada çalışan həkimi seçməkdə də sərbəstdir.

Amma vətəndaşlar reallığın heç də belə olmadığını bildirirlər.

Ekspertlərin fikrincə, vətəndaşların icbari tibbi sığortadan yararlanmasında hələ də problemlər yaşanır. Həmçinin bu sahədə zəif təbliğatın aparılması da ciddi boşluqların yaranmasına səbəb olub.

Aydın Əliyev onu da qeyd etdi ki, bu gün icbari tibbi sığorta ilə aidiyyatı tibb müəssisələrinə müraciət edən vətəndaşlar çaş-baş qalırlar. Çünki bu xəstəxanaların əksəriyyətinin maddi texniki bazasında çox ciddi problemlər var.Qeyd edək ki, vətəndaşlar poliklinika və Ailə Sağlamlıq Mərkəziləri istisna olmaqla, yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutlarına müraciət edə bilərlər. Bu elmi-tədqiqat institutlarına Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi daxildir.

Müəllif | Apa.Tv
Apa.tv