İçdiyimiz sudurmu? - Bakının on illərlə təmizlənməyən su anbarları

İllərdir təmizlənməyən su anbarları və bu sudan istifadə etmək məcburiyyətində qalan Bakı sakinləri... Vətəndaşlar, xüsusilə, yeni tikililərə məxsus su anbarlarının aylarla təmizlənmədiyini, əhaliyə çirkli su verildiyini deyirlər. Binaların su anbarlarının təmizliyinə kim cavabdehdir? Öncə bu suala cavab tapmağa çalışdıq. İlk üz tutduğumuz ünvan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti oldu. Qurumun baş texnoloqu, texnoloji proseslərə nəzarət və su təhlükəsizliyi şöbəsinin müdiri Cəmil Babayev bildirdi ki, “Azərsu” ASC-nin balansında olan su anbarları Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılaraq, ildə bir dəfə yuyulur. Ancaq MTK-ların balansında olan binaların su anbarlarına onlar cavabdeh deyillər. Çünki bu binalar şəxsi mülk sayılır və təmir-bərpa, yuyulma prosesləri MTK-lar tərəfindən gerçəkləşdirilir. Bəzi MTK-ların su anbarlarının on illərdir yuyulmadığını deyən Cəmil Babayev bildirdi ki, hər il su anbarlarının yuyulma cədvəlləri tərtib edilir. Bu zaman MTK-lara xəbərdarlıq göndərilir. Maraqlıdır, MTK-lara kim nəzarət edir? Bu qədər strateji əhəmiyyət daşıyan bir məsələ adları saysız-hesabsız qanunsuzluqlarda hallanan MTK-lara necə həvalə edilə bilər axı? Bakı Şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, MTK- lara omlar nəzarət etmir. Rəsmi qurumların cavablarından belə anlaşıldı ki, binaların su anbarlarına nəzarət edilmir. Bir MTK istədiyi vaxt anbarı təmizləyir, istəməsə təmizləmir. Onlardan təmizliyi, insanların təhlükəsizliyini tələb edən yoxdur. Hidroloq Anar Nuriyev deyir ki, su anbarlarının vaxtı-vaxtında yuyulmaması həyat üçün ciddi risklər yaradır. Buna görə kütləvi zəhərlənmələr, yolxucu xəstəliklər yarana bilər. Bəs görəsən su anbarlarının yuyulmasında səlahiyyətli olan şəxsləri hansı cəzalar gözləyir? bu barədə hüquqşünas Şamil Paşayev Apa tv-ə danışıb. Araşdırmamızdan belə aydın oldu ki, bu sahədə həm icra sistemində, həm də qanunvericilikdə boşluqlar var. Problemin həlli üçün səlahiyyətli qurumlar kordinasiyalı formada yeni mexanizm yaratmalıdırlar. Əks halda təmizlənməyən bircə su anbarı belə bütün paytaxt üçün təhlükəyə çevrilə bilər. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI ARİF ƏLİYEV

Müəllif | Apa.Tv
Apa.tv