İki azyaşlının zəhərlənərək ölməsi ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Qaxda göbələk zəhərlənməsindən iki azyaşlı ölüb.
 

APA TV-nin məlumatına görə, rayonun Tasmalı kənd sakinləri  47 yaşlı Mübariz Qasımov, onun övladı  12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələk zəhərlənməsi əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.  Xəstələrə tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan müayinə və müalicələrini davam etdirmək üçün Bakıya Respublika Toksikalogiya Mərkəzinə göndəriliblər. 12 yaşlı Murad Qasımlı xəstəxanaya çatdıqdan bir qədər sonra ölüb. 9 yaşlı İbrahimxəlil Qasımzadə isə gecə saat 01 radələrində keçinib.

Hazırda müalicəsini davam etdirən Mübariz Qasımovun yeznəsi Seymur Hacızadə APA TV-yə  bildirib ki, qayınatası, onun övladı Murad Qasımlı və qardaşı oğlu 9 yaşlı İbrahimxəlil Qasımzadə oktyabrın 17-si axşam saatlarında evlərində kənd ərazisindən yığılmış göbələk yeyiblər.

Oktyabrın 18-i səhər saatlarında zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanada onların mədələri yuyulub, vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar. Oktyabrın 18-dən 19-na keçən gecə hər üç şəxsdə zəhərlənmə əlamətləri daha da artıb. Oktyabrın 19-u səhər saatlarında yenidən xəstəxanaya müarciətləri zamanı onlar kəskin zəhərlənmə əlamətləri olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

Uzun illərdi ki, göbələk yeməyə və yığmağa həvəs göstərən Zaqatala şəhər sakini Namiq Mirzəyev APA TV-yə verdiyi müsahibəsində bildirdi ki, son illər meşəlik ərazilərdə zəhərli göbələklər çoxalıb, yerli sakinlər göbələk yığanda diqqətli olsunlar.

Bu bölgə aran rayonlarından fərqi olaraq sucuq olduğu üçün burada zəhərli göbələklər çox yetişir. Namiq Mirzəyev bildirir ki, zəhərli göbələklər də yeməli göbələklərlə yanaşı bitir.

Göbələk mövsümünü nəzərə alaraq həkimlər yeməklərində göbələyə üstünlük verən insanları daha diqqətli olmağa çağırır. Həkimlər deyir ki, göbələk  yedikdən sonra diqqət edilməli olan bir sıra əlamətlər var.

Qeyd etmək lazımdır ki, bir çox yeməli göbələklər müəyyən inkişaf dövrlərində özlərində müxtəlif zəhərli maddələr toplayırlar. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Buna görə də avtomobil yolları kənarında satılan göbələkləri almaq tövsiyə edilmir.

 

Vüqar Heydərov

Əhməd Fərruxoğlu

 

 

 


 

Müəllif | Apa.Tv
Apa.tv