İki ildir yaradılan Mediasiya Şurası nələr eləyib?
Mediasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb. Bu ilə qədər Mediasiya Şurasına 12 585 müraciət daxil olub.
APA TV-nin məlumatına görə, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.
O bildirib ki, müraciətlərin 9 550-si Mediasiya Şurası tərəfindən mediatorlara bölünüb və işlərə baxılıb: "Müraciətlərdən 3 033-ü düzgün tərtib edilmədiyi üçün geri qaytarılıb və yenidən həmin sənədlərin işlənməsi istiqamətində iş gedir. 1200-dən çox müraciət isə könüllü mediasiya üzərindən həyata keçirilib.Daxil olan müraciətlərin 8515-i ailə mübahisələri, 740-ı kommersiya məsələləridir. 297 əmək mübahisəsi məsələlərinə baxılıb. Mediasiya Şurası yeni yarandığı üçün fəaliyyətimizdən geniş danışa bilmirik. Lakin baza olaraq növbəti il üçün kifayət qədər işlər görüldüyünü düşünürük. Mediatorlar üçün mütəmadi təlimlər keçirilir ki, bu da öz növbəsində məhkəmələrin yükünün azalmasına səbəb olur".
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sahib Məmmədov isə bildirdi ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların hüquqlarının pozulması ilə bağlı 4 500-ə yaxın müraciət daxil olub.
Onun sözlərinə görə, bu dövrdə görülən tədbirlər nəticəsində 330 min manat dəyərində istehlakçı tələbi təmin edilib.
O həmçinin əlavə edib ki, son dövrlərdə pandemiya ilə bağlı elektron ticarətin əhatəsinin genişləndirilməsi, sosial şəbəkələrlə satış, eləcə də xarici ölkələrdən sifariş verilən malların daşınması ilə bağlı şikayətlər artıb: "Bu istiqamətdə də istehlakçıların hüquqlarının təmin edilməsi, onların müraciətlərinə vaxtında baxılması və istehlakçı məmnuniyyətinin təmin olunması ilə bağlı müvafiq tədbirlər görülür".
Sahib Məmmədov növbəti ildə istehlakçıların hüququları ilə bağlı görülən tədbirlərin daha da gücləndiriləcəyini bildirib.