İkinci Qarabağ müharibəsindən sonra keçirilən ilk seçki

 

Müstəqilliyin əldə edilməsindən indiyə qədər ölkəmizdə ümumilikdə 8 prezident seçkiləri keçirilib. Hər bir ölkədə olduğu kimi ölkəmizdə də ən vacib seçkilər hesab olunan Prezident seçkilərinin çox maraqlı tarixçəsi var. 1991-ci ilin 8 sentyabr tarixində hələ müstəqilliyinin bərpasını elan etməzdən öncə Azərbaycan SSRİ-də ilk dəfə Prezident seçkiləri keçirilib. Ölkə tarixində rəqibsiz Prezident seçkilərinin keçirilməsi ilə yadda qalan həmin seçkilərdə Ayaz Mütəllibov rəqibsizliyə 98,5 faizlə qalib gələrək qeyri-müəyyən müddətə Prezident seçilib. Heç bir il keçməmiş 1992-ci il iyunun 7-də Azərbaycanda ikinci prezident seçkiləri baş tutub. 5 namizədin iştirak etdiyi seçkilərdə Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy qeyri-müəyyən müddətə, ancaq Azərbaycan tarixində ən az nəticə ilə - 60.9 faiz səslə Prezident seçilib. Rəsmi nəticələrə görə, seçici aktivliyi 76.3% idi. 1993-cü ilin iyun ayında Əbülfəz Elçibəy Bakını tərk edərək Kələkiyə getdi və avqustda keçirilən referendumda xalq tərəfindən ona etimadsızlıq göstərildi. Bundan sonra, oktyabrın 3-nə prezident seçkiləri təyin olundu. Həmin vaxt parlamentin sədri olan Heydər Əliyev 97,6% seçici fəallığının olduğu bu seçkilərdə 98.8% səs toplayaraq prezident seçildi. Böyük ajiotaj və rezonansla keçirilən seçkilər bu günə qədər həm seçici fəallığı, həm də qalib namizədin topladığı səs baxımından ən yüksək faizlə ölkəmizin tarixində qalıb. Azərbaycanda dördüncü prezident seçkiləri 11 oktyabr 1998-ci ildə keçirilib. Seçkilərdə 3 milyon 358 min 465 seçici iştirak edib. Heydər Əliyev həmin seçkilərin favorit namizədi idi. Heydər Əliyev 77.6% səs toplayaraq seçkilərdə qalib gəldi. 2003-cü il. Növbəti 5 il arxada qalmışdı və Azərbaycanda yenidən prezident seçkiləri keçiriləcəkdi. Həmin seçkidə əvvəlcə Heydər Əliyev namizədliyini irəli sürsə də, sonradan namizədliyini o illərdə baş nazir olan İlham Əliyevin xeyrinə geri götürdü. 8 namizədin iştirak etdiyi seçkidə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.8%-dən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Mərkəzi Seçki Komissiyasının yaydığı rəsmi məlumata görə, həmin seçkidə 3 milyon 46 min 401 nəfər iştirak edib. Azərbaycan Prezidenti postuna keçirilən 6-cı rəsmi seçki 15 oktyabr 2008-ci ildə keçirilib. Bu seçkiyə 7 namizəd qatıldı. Mərkəzi Seçki Komissiyasının yaydığı rəsmi məlumata görə, 2008-ci ildə səsvermə hüququna malik olan vətəndaşlardan 75,64%-i, başqa sözlə desək 3 milyon 700 min 634 nəfər seçkidə iştirak etdi. İlham Əliyev seçicilərin 87.34%-nin səsini toplayaraq qalib oldu. 2013-cü ilin 9 oktyabrında Azərbaycan 7-ci dəfə öz prezidentini seçirdi. 10 namizəd seçkidə iştirak edib. Prezident İlham Əliyev 84.54% səslə qalib olub. Növbəti prezident seçkisi 2018-ci ilin aprelin 11-də baş tutdu. Seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Və 7 fevral 2024-cü il. Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Ölkənin ən ali kürsüsü uğrunda 7 namizəd mübarizə aparır. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.

Müəllif | Apa.Tv
Apa.tv