İllər öncə partladılmış məsciddə indi baş verir? - ƏRAZİDƏN GÖRÜNTÜLƏR
Paytaxtın Nərimanov rayonunda, Ruhulla Axundov və Ülvi Bünyətzadə küçələrinin kəsişməsində yerləşən “ƏbuBəkr” məscidində təmir-bərpa işləri aparılır.
APA TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun sözlərinə görə məscidin təmir-restavrasiya işlərindən sonra fəaliyyətə başlaması nəzərdə tutulur.
“Nərimanov rayonunda, “Əbu Bəkr” məscidində təmir-restavrasiya işləri gedir. İşlərin həcmi böyükdür. İşlərin tam başa çatması gələn ilə nəzərdə tutulub”.
İş icraçısı Nazim Mirzəyev deyir ki, avqust ayından etibarən başlayan təmir işləri gələn ilin payız ayları üçün yekunlaşmalıdır.
“Hazırda binanın söküntü işləri gedir. Əsas hissəsi, fasadı, həyət sahəsindəki artıq tikililər götürüləcək ki, yenidən bərpa-restavrasiya işlərinə başlayaq. Çox güman ki, gələn ilin bu vaxtlarına bitəcək”.
Artıq bərpaetmə prosesinin bir qismi bitmək üzrədir. Belə ki, sol minarənin söküntüsü başa çatdıqdan sonra bərpa ediləcək. Sağ minarənin isə yuxarı təbəqəsinin restavrasiyasına başlanılacaq. Bundan başqa, binanın önə doğru 4 metrə qədər genişləndirilməsi də nəzərdə tutulur. Baş plana əsasən, genişləndirmədən sonra daxili pilləkənlər məscidin bayır tərəfində quraşdırılacaq. Kişilər birinci, qadınlar isə ikinci mərtəbədə ibadətlərini yerinə yetirə biləcəklər. Məscid həyətinin niyə lentlərlə izolyasiya edilməsinə gəlincə isə...
“Bizdə olan məlumata görə, ərazinin bu qismi lentlərlə bağlanmışdı. Bəzi vətəndaşlar narahat idi ki, məsciddə söküntü işləri aparılır, yaxud da məscidi başqa yerə köçürürlər. Tam olaraq elə deyil. Sadəcə Yuxarıda, minarənin söküntü işləri ilə bağlı riskli vəziyyət var. Misal üçün, daş insan və ya maşınların üzərinə düşə bilər. Lenti də ona görə çəkiblər ki, insanlar buradan keçərkən daha ehtiyatlı olsun. Lakin gördüyünüz kimi, artıq lentlər yığışdırılıb və ərazidə heç bir təhlükə yoxdur”.
Qeyd edək ki, 2008-ci ilin 17 avqust tarixində məsciddə baş vermiş terror zamanı iki nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.
Mir Çingiz Ağazadə,
Faiq Həsənov,
APA TV