İllərdir cinayətlər törədən Fransanın Azərbaycanı belə ittiham etməsi yersizdir - Cavid Osmanov
“Fransanın Azərbaycana qarşı düşmənçilik və ermənipərəst mövqeyini 50 milyonluq dünya azərbaycanlıları qətiyyətlə pisləyir və rədd edir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.
Deputat bildirib ki, Fransa Senatının dünən açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirərək qəbul etdiyi qətnamə bir daha onu göstərir ki, Fransa yenə də Azərbaycana qarşı siyasətini davam etdirir: “Bu qətnamə bütövlükdə Avropa İttifaqının dəyərlərinin əksinə gedir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistanın təcavüzkar olması ilə bağlı 4 qətnaməyə özü də səs verib. İkincisi, bu gün Avropa İttifaqı Azərbaycanı ən etibarlı tərəfdaş sayır, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Qətnamədə Azərbaycanı təcavüzkar kimi qələmə verirlər. İllərdir cinayətlər törədən bir ölkənin, Fransanın Azərbaycanı belə ittiham etməsi yersizdir. Ermənilər Xocalı soyqırımını törədib. Buradan aydın olur ki, Fransa özü Xocalı soyqırımına dəstək verib. Digər tərəfdən, Azərbaycanı Avropa Şurasından, Türkiyəni NATO-dan xaric edilməsini təklif edirlər. Prezident İlham Əliyevin dediyi kimi, getsinlər, aynaya baxsınlar. Görəcəklər ki, onlar nə qədər cılızdırlar”.