İllərdir ki, qədim "Yeraltı Hamam"ın harayına səs verən yoxdur

Göyçayın ən qədim tarixi abidəsi olan "Yeraltı Hamam" məhv olmaq üzrədir. Otuz ildən çoxdur ki, baxımsız vəziyyətdə qalan bu memarlıq abidəsinin bərpası 10 ildir ki, Mədəniyyət Nazirliyinin "təmir olunacaq abidələr" siyahısına düşsə də hələ ki, hec bir tədbir görülmür.


APA TV-nin yerli bürosunun xəbərinə görə 135 il əvvəl tikilmiş bu sirli “Yeraltı Hamam”ı XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə qızına cehiz olaraq inşa etdirib.

 

Hamamın indiyədək açılmayan sirlərindən biri çirkab sularının saxsı borularla hara və necə axıdılmasıdır. “Yeraltı Hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Bunlardan ikisi qadınlar, biri isə kişilər üçün olub. Buradan eyni vaxtda 70 nəfər istifadə edə bilirdi.

 

Göyçayın tarixi ilə bağlı araşdırma işləri aparan və öz kitabında bu abidə barədə geniş məlumat yazan Əkbər Əlioğlu APA TV-nin yerli bürosuna müsahibəsində bildirib ki, hamamın özəlliklərindən biri odur ki, hamamın və burada istifadə olunan suyun isidilməsi üçün xüsusi qızdırıcı şəbəkə aşkarlanmayıb.

 

Gümbəzli, unikal memarlıq abidəsi olan bu hamamın fəaliyyəti keçmiş Sovetlər Birliyi dövründə dayandırılıb. Ötən əsrin 30-40-cı illərində “Yeraltı Hamam”ı həbsxanaya çeviriblər. İkinci dünya müharibəsindən sonra isə ondan bir müddət pendir sexi kimi istifadə olunub. 1958-ci ildə təmir edilərək binanın hamam kimi fəaliyyəti yenidən bərpa olunub.


Baxımsız olan abidənin qarşısı zibil tullantılarının toplandığı yerə çevrilib. Bu abidəni mühafizə edən Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin mütəxəssisi Vəfa Məlikova APA TV-nın yerli bürosuna müsahibəsində bildirib ki, "Yeraltı Hamam"ın təmiri üçün sənədlər hazırdır, lakin hələ maliyyə vəsaiti ayrılmayıb.

 

Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri ötən 10 il ərzində Göyçaya dəfələrlə gələrək bu tarixi abidənin vəziyyəti ilə tanış olub və burada təmir-bərpa işləri aparılacağını bildiriblər. O vaxtdan bəri uzun illər keçsə də, bu işə hələ başlanılmayıb.

 

Azərbaycanda bənzəri olmayan, Şərq memarlığı üslubunda inşa edilən bu unikal abidənin bərpaya ciddi ehtiyacı var. Sakinlər isə o ümiddədir ki, abidə təmir olunarsa həm müasir hamam kimi istifadə olunar, həm də mədəni irs kimi turizm marşrutuna salınar, rayona gələn qonaqlara göstərilər.

 

Şahnəzər Bəşirov-APA TV-Göyçay

 

 

Müəllif | Apa.Tv
Apa.tv