İllərdir ki, yanlış müalicə alırmışıq - XƏSTƏLİKLƏRLƏ BAĞLI SÖYLƏNƏN YALANLAR
Son illər bir çox xəstəliklər sanki cavanlaşıb. Əvvəllər yaşlı nəsildə rast gəlinən bel, boyun yırtıqları indi əksər insanlarda rast gəlinən xəstəliklərdəndir. Elə şəhərdə apardığımız sorğu zamanı da bəlli oldu ki, bu xəstəliklərə demək olar ki, hər yaş qrupunda rast gəlinir.
- Boyun ağrıları gəncləşib, özüm də əziyyət çəkirəm. Bundan qurtulmaq üçün nə edirsiniz? Dərmana üstünlük vermirəm, əsas dincəlirəm.
- Bu ağrılar daha çox gənclərdədir, yaşlılar sağlamdır, amma ən çox gənclərdədir.
- Daha çox gənclərdə olur, əsas da məktəblilərdə çantaları nisbətən ağır olduğu üçün bel ağrıları yaradır.
- Bel ağrılarına mən ancaq fizioterapiyaya getmişəm, 10 gün gedib gələndən sonra yaxşı təsiri oldu.
Mütəxəssislər deyir ki, bu problem, əslində həyat keyfiyyətinin azalmasına, iş qabiliyyətinin məhdudlaşmasına səbəb olur.
Həkim fizioterapevt Sənan Cəfərov isə xəstəliyin koronavirusdan daha təhlükəli olduğunu bildirir: “Telefonsuz bir həyat düşünə bilərsiniz? Mümkünsüzdür. Bu son otuz ildir ki, telefondan geniş istifadə olunmağa başlandı. Söhbətim niyə telefondan gedir, təsəvvür edin metroda nəqliyyatda hamimizin pozisyonu belədir. Baxın, bu vəziyyətdədir. Saatlarla boyunun bu vəziyyətdə qalmasında boyun ağrımasın, neyləsin?”
Fizioterapevtin sözlərinə görə, texnologiyanın inkişafı, hərəkətsizlik elə bu problemlərin başlıca səbəbidir: “Gənc xanımlar evi silib, süpürəndə şikayətlər eləyirlər ki, belimiz ağrıyır. Amma yadımıza salsaq, əvvəllər su yox idi, insanlar səhənglə quyulardan su daşıyırdılar və heç bir yerləri də ağrımazdı, çünki hərəkət azalıb”.
Mütəxəssisin sözlərinə görə digər səbəblərdən biri də insanların düzgün yataqlarda yatmamasıdır. Onun sözlərinə görə yun yataqlar əvəzinə ortopedik yataqlardan istifadə edilməlidir: “El arasında deyirlər ki, beliniz ağrıyırsa gedin düz bir yerdə yatın. Amma inanın ki, o cinayətdən daha betərdir. Çox səhv məlumatdır. Burdan bizi dinləyənlərə qətiyyən sərt yataqlarda yatmayın, siz var olan ağrılarınızı daha da artıracaqsınız”.
Fizioterapevtin sözlərinə görə, fəqərələrdə yaranan bu xəstəlik qaraciyər, bağırsaq, qəbizlik, hətta sonsuzluq kimi problemlərə gətirib çıxarır. Bu problemlərdən qurtulmaq istəyirsinizsə, daha çox yürüş və daha az telefondan istifadə etməlisiniz. Eyni zamanda üzgüçülüklə məşğul olmaqda da fayda var.
Nərmin Murad,
Xəqani Hüseynov,
Samir Qaragözov,
APA TV