“İnanıram ki, 21-ci əsr türk əsrinə dönəcək”

 

"İnanıram ki, hər keçən gün artan iş birliyi 21-ci əsri türk əsrinə döndərəcək. Türkdilli Dövlətlərin Parlament Assambleyasının da bu prosesdə çox önəmli rol oynayacağına ürəkdən inanıram. Dünyada, Qəzzada yaşanan hadisələrə baxanda güclü, həmrəy olmağın nə qədər önəmli olduğunu hər birimiz görürük”. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ bu gün Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) tərəfindən "Heydər Əliyev və parlamentarizm" konfransında bildirib. Qeyd edək ki, "TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər" mövzusunda iki konfrans keçirilib. "Heydər Əliyev və parlamentarizm" adlı konfransda çıxış edən Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er bildirib ki, türk dövlətlərinin birliyi Heydər Əliyevin xarici siyasətinin vacib parçası olub. Qırğız Respublikası parlamentinin üzvü Dastanbek Cumabekov çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artmasına diqqət çəkib. O bu yüksəlişin təməlində 1990-cı ildə Heydər Əliyevin hakimiyyətə gəlməsinin dayandığını bildirib. Deputat Əhliman Əmiraslanov, öz növbəsində, türkdilli dövlətlər arasında ortaq dil və ortaq əlifba istiqamətində ümumi işlərin aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, türk dövlətləri, o cümlədən Türkiyə-Azərbaycan arasında Ulu Öndər Heydər Əliyevin arzuladığı bir çox layihələr həyata keçirilib. Deputat Hikmət Məmmədov isə Azərbaycanda parlamentalizm ənənələrinin yenidən təşkil olnumasında Heydər Əliyevin böyük xidmətlərindən danışıb. " Türkdilli Dövlətlərin Parlament Assambleyasının 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər" mövzusunda keçirilən konfransda isə türkdilli dövlətlərin inkişaf perspektivlərini özündə əks etdirən çıxışlar olub. Natiqlər Türkdilli Dövlətlərin Parlament Assambleyasının nüfuzlu regional və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmasını və bu əlaqələrin davamlı inkişafında maraqlı olduğunu xüsusilə vurğulayıblar. Ardından deputatlar Türkdilli Dövlətlərin Parlament Assambleyasının fəaliyyəti və ümumilikdə türkdilli dövlətlər arasındakı əlaqələr barədə çıxışlar ediblər. Konfrans ümumi müzakirələrlə işini davam etdirib.

Müəllif | Apa.Tv
Apa.tv