İnsan öz beynini yönləndirib milyonlarla manat qazana bilərmi?

Pul kodlaması, çakraların açılması, şüuraltı təmizləmə. Etiraf edək ki, bu sözləri son zamanlar tez-tez eşidirik. Yaşam koçları, əsasən də sosial şəbəkələr üzərindən insanları həyatlarına stimul vermək üçün bu prosedurlardan istifadə edirlər. Maraqlıdır, oturduğumuz yerdən sadəcə təlqin dinləyərək məqsədimizə nail ola bilərikmi?

 

Kvant düşüncə təlimçisi Cəfər İbadov deyir ki, şüur altında yığılıb qalan neqativ travmalar pozitivə dəyişilir: “Biz xatirəni unutmuruq, sadəcə xatirənin verdiyi duyğulardan özümüzü azad edirik. Şüur altında olan travmalarla yaşamaq o deməkdir ki, əslində keçmişdəsən, bu günə, bu ana fokuslana bilmirsən. Ona görə də arzularımızı həyata keçirə bilmirik. Bütün bunlar göstərir ki, şüur altını oxumaq, orda olan travmaları öyrənmək çox vacibdir. Hər hansı bir təsadüfi, 3-5 gün oxunan təlqin gülünc görünə bilər. Çünki suya üfləmələr, enerji yükləmələri və bu kimi məsələlər  şüur altımızın mahiyyətini dərk etmədən, izah olunmadan icra ediləndə tamamilə əhəmiyyətsiz prosesə çevrilir”.

 

Şüur altındakı fikirləri dəyişdirmək, insanların həyatının yaxşı yöndə dəyişməsinə səbəb olmaq məqsədi ilə tətbiq olunan bu təlqinlərdən sosial şəbəkədəki işbazlar öz “məqsədləri” üçün istifadə edirlər. Və bir müddət sonra vətəndaşlar həmin dırnaqarası təlimçilərdən asılı vəziyyətə düşürlər:

 

Cəfər İbadovun sözlərinə görə, edilən bütün seansların işləmə mexanizmini öyrənmək bizim haqqımızdır: “Əgər koçlar müxtəlif seanslar apararkən bunun izahını vermə iqtidarında deyillərsə, demək onlar da hər hansı bir texnikanın ötürücüsüdürlər. Kortəbii olaraq hansısa bir hiss yükləməsi mənim həyatımda müvəqqəti dəyişiklik siqnallarını verə biləcək gücə malikdir. Ümumiyyətlə, bütün problemlərin kökü cahillikdir. Mütaliə edərək, araşdıraraq, oxuyaraq artıq heç kəsə sirr olmayan müasir dünyamızın bu oyanış  tendensiyasından hər kəs öz layiqli payını ala bilər. Bizim kimdənsə asılı olmağa ehtiyacımız yoxdur. Təbii ki, bu yolda böyük ustadlar, təlimçilər var. Onların kitablarından, ədəbiyyatlarından, təlimlərindən yararlanmaq olar”.

 

Psixoloq Vüsalə Əmiraslanova deyir ki, həyat məşqçiləri insanları iş həyatında, gündəlik həyatın problemləri ilə üzləşdikləri zaman motivasiya edirlər. Ancaq onlara seans keçmək, diaqnostika aparmaq icazəsi verilmir: “Əslində hər bir ailənin psixoloqu olmalıdır. Bu xaricdə belədir, Azərbaycanda da   son zamanlar populyar olmağa başlayıb. Əlbəttə ki, psixologiya dərin bir elmdir  ki, insanın inkişafı, patologiyaları ilə bağlı nüansları ancaq elmdə tapmaq olar. Amma “life coach” dediyimiz şəxslər isə daha çox yaşam tərzləri üçün lazım olurlar. Məsələn hansı növ ayaqqabını geyinsəm mənə daha çox yaraşar, necə edim ki, insanlar məni sevsin və s. Əslində psixoloqlar görünməyən tərəfləri göstərirlər. Yaşam koçları isə məsələnin bir tərəfli analizinə baxırlar. Mən düşünürəm ki, yaşam motivasiya vermək üçün fəaliyyət göstərə bilərlər. Onların seans keçməyə, fərdi konsultasiyanın aparılmasına, terapiyanın aparılmasına icazələri yoxdur”.

 

Bütün hallarda insan qarşıya qoyulan məqsədə çatmaq, həyatın çətinlikləri ilə çarpışmaq üçün stimul, çıxış yolu axtarır. Kimi bu çıxış yolunu psixoloqda, kimi də həyat məşqçisində görür. Amma axtardığımız gücün öz daxilimizdə olduğunun fərqində olsaq, həyata çəhrayı eynəklə baxmağımız daha asan olacaq.

Müəllif | Apa.Tv
Apa.tv