“Instaqram” tanışlığı 2 gənci həbsxanaya apardı - AZYAŞLINI SOYUBLAR
Mingəçevirdə azyaşlıya qarşı soyğunçuluq edənlər ələ keçib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, şəhər ərazisində 2 nəfər məktəblidən mobil telefonu aldıqdan sonra, onu bıçaqla qorxudub və uzaqlaşıblar.
Polis əməliyyatı ilə cinayəti törədən Mingəçevir şəhər sakini 20 yaşlı Azər Salahov və Gəncə şəhər sakini 21 yaşlı Samir İsgəndərov saxlanılıb.
“Instagram” üzərindən tanıdığı Azər Salahovla görüşmək məqsədilə Mingəçevirə gələn Samir İsgəndərovun Gəncəyə qayıtmağa pulu qalmayıb. Yeni dostlar vəziyyətdən çıxış yolunu tapıb. Zəng etmək üçün azyaşlıdan mobil telefon istəyən gənclər cinayət törədib.
İndi həmin bıçaq polisdə, telefon isə sahibindədir. 20-21 yaşlı gənclərin ünvanı isə həbsxana olacaq.