İpoteka krediti götürən şəxs öldükdə, pulu kim ödəməlidir?

İpoteka krediti götürən şəxs öldükdə, pulu kim ödəməlidir? – APA TV Həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” qərarını şərh edərkən bildirib. O qeyd edib ki, həyat sığortasının əsas özəlliyi borclanan şəxsin dünyasını dəyişdikdə, qalan xərcini sığorta şirkətinin qarşılamasıdır. İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, İpoteka Fondu kredit verən zaman müraciət etmiş şəxsin həyat və əmək qabiliyyətini itirməsi hallarının sığortasını təmin edir. Yəni, vətəndaş həyatını və ya əmək qabiliyyətini itirdikdə, istər özü, istərsə də vərəsələri sığorta ödənişini alaraq, ipoteka öhdəliklərini həyata keçirə bilərlər. Ekspertin sözlərinə görə, digər bir sığorta növü həyat və ya yığım sığortasıdır ki, bu zaman vətəndaş 3 il ərzində öz əmək haqqından müəyyən məbləğdə sığorta ödənişi edir. Ekspert sığortalanmamış ipoteka kreditlərinin olduğunu da qeyd edib. Belə halda vətəndaş həyatını itirərsə, onun vərəsələri şəxsin aktivlərini miras kimi qəbul etdikdə, öhdəliklərini də icra etməlidir. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin yeni qərarında bildirilir ki, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Müəllif | Apa.Tv
Apa.tv