İpoteka kreditlərinin verilməsi niyə təxirə salındı?
İpoteka və Kredit Zəmanət Fondu bu gün saat 11:00-da ipoteka krediti ilə bağlı müraciətlərin qəbuluna başlanacağını elan etsə də, vətəndaşlar sistemə daxil ola bilmirlər.
Buna etiraz edən vətəndaşlar sistemin çökdüyünü bildirirlər.
Mövzu ilə bağlı fonddan APA-ya bildirilib ki, 24 yanvar 2023-cü il tarixinə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınıb.
Məqsəd ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməsidir.
Bildirilib ki, ipoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.
Qeyd edək ki, fond tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində həyata keçirilir.