İqtisadiyyat naziri Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşdü
İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.
Görüşdə Böyük Britaniya ilə energetika, bərpa olunan enerji sahəsində birgə layihələr, bp-nin ölkəmizdə uğurlu fəaliyyəti qeyd edilib.
Baronessa Emma Nikolson Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini diqqətə çatdırıb.
Sonra İqtisadiyyat Nazirliyi və Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatası arasında işçi qrupun ilk iclası keçirilib.
İclasda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev yeni yaradılmış işçi qrupun biznes dairələri arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
İclasda Britaniyanın Azərbaycandakı Ticarət və Sənaye Palatasına üzv olan şirkətlərin biznes əməliyyatları zamanı üzləşdiyi məsələlər, həmçinin şirkətlərin fəaliyyəti ilə bağlı proseslərin sadələşdirilməsi barədə təklif və rəylər dinlənilib. İclas zamanı kameral vergi yoxlamalarının asanlaşdırılması, vergi hesabatlılığının optimallaşdırılması, qeyri-rezidentlərin vergidən azad olunması ilə bağlı proseslərin sadələşdirilməsi və s. barədə fikir mübadiləsi aparılıb.