İran televiziyaları və radioları niyə ərazilərimizdə yayımlanır? - Deputatdan TƏKLİF
“Kür çayını keçəndən sonra İran televiziya və radioları informasiya məkanımıza daxil olur. İranın radio və televiziyalarının bizim informasiya məkanına soxulmasının qarşısı alınmalıdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
Deputat bildirib ki, Yardımlının sərhəd kəndlərinə gedəndə mobil telefona “İran İslam Respublikasına xoş gəlmisiniz” mesajı gəlir: “Bu, Azərbaycan qanunlarına ziddir və qarşısı alınmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə elektron hökumətin yaradılması sahəsində inqilabi işlər görüb. ASAN Xidmət, DOST Mərkəzi və digər qurumları buna misal göstərmək olar. Bunlar vətəndaşlarımıza yüksək səviyyədə xidmət edir. Eyni zamanda ucqar dağ kəndlərində internetin keyfiyyətinə də diqqət yetirilməlidir. Bunu edə bilməyən, amma lisenziyası olan təşkilatlar da sıradan çıxmalıdır”.