İran yenidən çalxalanır: Fəhlələr tətillərə başladılar
İranda aprelin əvvəlindən neft-kimya və poladəritmə sənayesində başlayan yeni tətil aksiyaları ilə bağlı 35 tələbə və vətəndaş təşkilatı birgə bəyanat yayıb. Bəyanatda tətil aksiyalarına dəstək verildiyi qeyd olunub. O da bildirilib ki, son bir həftə ərzində neft, neft-kimya və poladəritmə sənayesinin 80 müəssisəsinin işçilərinin aksiya və tətillərinin genişlənməsi Terhran rejimindən qurtulmağın yollarından biridir: "Tətil aksiyalarının genişlənməsi xalqın Tehran rejimindən üz döndərməsinin və hakimiyyətə qarşı birləşməsinin təzahürüdür” – deyə, bəyanatda bildirilib.
Yerli medianın xəbərinə görə, aksiyalar neft-qaz, neft-kimya, polad, elektrik təsərrüfatı və metallurgiya sənayesi işçilərinin əməkhaqlarının gecikdirilməsinə və azlığına görə başlayıb. Fəallar qeyd edirlər ki, tətillər Şiraz, Buşehr, İsfahan, Kirman, Bəndər, Yəzd də daxil olmaqla 20-dən çox şəhərdə hələ də davam etməkdədir. Sosial şəbəkələrin İran seqmentində paylaşılan məlumatlara görə, bir neçə neft-kimiya təsisatı o cümlədən, "Bidbolənd 2" neftayrıma zavodunda, Abadan Neftayırma Zavodunda, Çabahar şəhərində yerləşən neft-kimya təyinatlı "Rejin Sənət" Şirkətində, İlam əyalətinin Dehloran şəhərində LGC-30 neft şirkətində işlər demək olar tamamilə dayandırılıb.