İranda dəhşət: Çoxmərtəbəli bina çökdü, ölənlərin sayı dəqiq bilinmir

Mayın 23-də İranın Abadan şəhərində 10 mərtəbəli "Metropol" biznes mərkəzinin binası çöküb. İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsünün İran mediasına verdiyi məlumata görə, bina çökməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Əhali iddia edir ki, dağıntılar altında daha çox insan qalıb, ölənlərin sayı isə rəsmi rəqəmlərdə göstərilənlərdən daha çoxdur.

Hökumətin vəziyyətlə bağlı etinasız davrandığını iddia edən sakinlər "sahibsiz Abadan" şüarları ilə etiraz aksiya keçiriblər. Hadisə yerinə baş çəkən şəhər meri Hüseyn Həmidpur yerli camaatın hücumuna məruz qalıb və qəzəbli insanlar onu döyüblər. Sakinlər Həmidpurun çökən binanın fəaliyyətə başlamasına qeyri-qanuni icazə verdiyini bildiriblər.

İranlı jurnalist Səid Hafizi Twitter hesabındakı paylaşımında yazıb ki, etirazların qarşısının alınması üçün Abadana çox sayda zirehli texnika və polis qüvvəsi yeridilib.

Əyalətinin baş prokuroru Sadiq Cəfəri bugünkü açıqlamasında binanın çökməsi ilə bağlı bir neçə dövlət məmurunun tutulduğunu deyib. O qeyd edib ki, saxlanılan 10 nəfər arasında Abadanın hazırkı bələdiyyə başçısı və iki keçmiş bələdiyyə sədri də var.

Məlumata görə, hadisə nəticəsində binanın sahibi və tikinti işlərini gerçəkləşdirən podaratçı şirkətin rəhbəri də dünyasını dəyişib. Hər iki şəxs haqqında cinayət işinin açıldığı bildirilmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv