İranda “Kitab yandırma şənliyi” - Həmin gün tarix kitablarımız yandırılıb
Son günlər İranda hökumətin aksiyalara qarşı amansızlığı daha da şiddətlənib. Sosial şəbəkələrin İran seqmentində yayılan videogörüntülərdən də bunun şahidi oluruq.
Fəalların xarici KİV-lərə verdiyi məlumata görə, 2 aydan çoxdur ki, davam edən etirazlarda 20 minə yaxın iştirakçı həbs olunub, minlərlə etirazçıdan isə xəbər yoxdur. İran mediası isə 5 nəfərin edam edildiyini bildirir.
Artıq beynəlxalq təşkilatlar da İran hökumətinin öz vətəndaşına qarşı törətdiyi cinayətlərlə bağlı həyəcan təbili çalmağa başlayıb.
Noyabrın 24-də BMT-nin İnsan Hüquqları Şurası Almaniya və İslandiyanın müraciəti əsasında "İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi" mövzusunda xüsusi sessiya keçirəcək.
BMT-nin Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanadanın təklif etdiyi qətnamə layihəsinin də lehinə səs veriblər.
Avropa İttifaqı da İrana qarşı sanksiyaları genişləndirib. İnsan haqları sanksiyaları kontekstində İttifaqın məhdudlaşdırıcı tədbirlərinə məruz qalan iranlı fiziki şəxslərin sayı 126-ya, qurumların sayı isə 11-ə çatıb.
Güney Azərbaycandan olan fəallar da təsdiqləyirlər ki, son günlər ölkədə türklərə qarşı diskriminasiya daha da artıb.
Güneyli siyasi şərhçi Çingiz Göytürkün sözlərinə görə, Tehran rejimi yüz ildir ki, paniranizm siyasəti ilə qeyri-fars xalqlara qarşı mənəvi terror sərgiləyib. Tarixi kitablar məhv edilib, abidələr dağıdılıb, dillərin unudulması ilə bağlı siyasi qərarlar verilib: “Yüz ildir İran adlanan bu coğrafiyada qeyri fars millətlər, o cümlədən 40 milyona yaxın Azərbaycan türkü, bəluclar, ərəblər, kürdlər, bəxtiyarilər, lorlar, giləklər, türkmənlər və digər millətlər öz ana dillərində təhsil almaq, dərs oxumaq hüququndan məhrumdurlar. Bu millətlərin tarixləri də təhrif olunub, inkar olunub, farsın nağıllarına əsaslanan bu millətlərə diqqət etməyə, qəbul etdirməyə çalışıblar. Bu vəziyyətə də etiraz edən kəsləri də separatçı adlandıraraq sıradan çıxarıblar”.
Siyasi şərhçi əlavə edib ki, hələ də İranda 1946-cı ilə Azərbaycan türklərinin tarixi kitablarını yandırdıqları gün “kitab yandırma şənliyi günü” kimi qeyd olunur.
“Soydaşlarımızın hüquqlarının illərdir molla rejimi tərəfindən tapdalanması dözümsüzlük mühitinin yaranmasına gətirib çıxarıb”. Bunu isə kanalımıza deputat Cavid Osmanov deyib. O əlavə edib ki, Azərbaycanın 44 günlük müharibədəki zəfərindən sonra rejimin soydaşlarımıza qarşı basqıları artıb və hətta 2 aydır ki, davam edən aksiyalarda yüzlərlə azərbaycanlı qətlə yetirilib: “İki aydan artıqdır ki, davam edən etiraz aksiyalarında insanların molla rejiminə qarşı öz azadlıqlarını tələb etməsi orta əsrin təfəkkürləri ilə uzun illərdir idarə olunan insanların xüsusən də 30 milyondan çox azərbaycanlıların artıq öz haqlarını tələb etməsi kimi qiymətləndirilməlidir. Düşünürəm ki, artıq beynəlxalq təşkilatlar da o cümlədən BMT-də İranla bağlı keçiriləcək dinləmələrdə azərbaycanlıların hüquqlarının qorunması və onların anadilində təhsil almaları imkanları onların bilavasitə azadlıqlarının təmin olunması ilə bağlı xüsusi yer alınmalıdır”.
Qeyd edək sosial şəbəkələrdə yayılan görüntülərə görə, artıq mitinqlər keçirilən şəhərlərdə iştirakçılar da silahlanıblar. İranda küçə döyüşlərinin getdiyini də demək olar. Maraqlıdır ki, Güneylilər artıq küçələrə Güney Azərbaycanın bayraqlarını asırlar. Fəalların verdiyi məlumata görə, İran ordusu türklərin yaşadığı ərazilərə hərbi texnika yeridir. Sosial şəbəkələrdə yayılan videoda İran silahlı qüvvələrinin Şərqi Azərbaycan əyalətinin Məlik Kəndi (Məlikan) şəhərinə hərbi texnika və maşınlar yeritdiyi görünür.
Fuad Sadıqov,
APA TV