İranda saxlanılan Şərur sakinlərinin aqibəti necə olacaq?
İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun 2 sakini - Vüsal Quliyev və Rövşən Seyidov hələ də həbsdədirlər. Mart ayının 21-də alver üçün bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən vətəndaşlarımız elə həmin gün orada həbs olunublar. Bir neçə gündən sonra ailələri ilə əlaqə saxlayan Vüsal və Rövşən Təbrizdə həbs olunduqlarını, burada saxlanıldıqlarını bildiriblər.
Onların həbs olunmalarına səbəb isə avtomobillərində Azərbaycan bayrağının olması və bayrağı pəncərədən çölə çıxarmaları olub.
İndi olar İranda təxribat törətməkdə təqsirli bilinirlər. Vüsal Quliyevin atası deyir ki, artıq onları Maku şəhərinə aparıblar və orda İran təhlükəsizlik orqanlarının zindanında saxlanılırlar. Hətta həbs edilənlərdən sərbəst buraxılmaları üçün pul da istənilib.
Rövşən Seyidovun evinə getsək də, ailəsindən heç kim məsələ ilə bağlı açıqlama vermədi. Səbəbi isə bu hadisədən sonra Rövşənin anasının səhhətinin pisləşməsidir.
Bir aya yaxındır həbsdə olan Şərur rayon sakinlərinin aqibətinin necə olacağı ilə bağlı Azərbaycan Xarici işlər nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, məsələ üzrə iş aparılır. Nəticələr barədə məlumat veriləcək.