İranda SEPAH-a aid kazarmalar yandırılır - 164 şəhərdə etirazlar

İranda ümumxalq etirazlarında bu günədək 524 nəfər həlak olub.

Bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb.

Bildirib ki, ölənlərdən 71-nin yaşı 18-dən aşağıdır. Ötən ilin sentyabrın 17-dən aparılan hesablamaya görə, 19.401 nəfər həbs olunub. Onlardan 5 min nəfərdən çoxunun kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 713 nəfər tələbələrdir. Etirazlara 144 universitetin tələbələri qoşulub. Məlumata görə, ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, İran həbsxanalarında saxlanılan məhbuslara, xüsusilə Şirazın Adilabad həbsxanasındakı qadın məhbuslara zorla əsəb və sakitləşdirici adı altında psixotrop dərmanlar verilir. Bundan sonra onlar hərəkət və hətta danışmaq qabiliyyətlərini bir neçə günlüyə itirirlər. O da bildirlib ki, adı çəkilən həbsxanada qadınlar təhqir olunur, zorakılığa məruz qaldır və ibtidai imkanlardan məhrum edilirlər.

 

Qeyd edək ki, İran rejimi sentyabr ayının ortalarından başlayan aksiyaların yatırılmasında SEPAH təhlükəsizlik qüvvələrinin köməyindən istifadə etməsi aksiya iştirakçılarının qəzəbinə səbəb olub. Buna görə mütəmadi olaraq iştirakçılar gecə saatlıarında korpusun bölgələrdəki kazarmalarına hücumlar təşkil edirlər. Analoji hadisə dünən gecə Tehranda da baş verib. SEPAH-ın təhlükəsizlik qüvvələrinin törətdiyi cinayətlərin ardınca hökumət binalarına və qurumlarına hücum edilib, od vurulub və dağıdılıb. Rejimin repressiyalarından, xüsusilə etirazçı gənclərin edam edilməsindən sonra bu aksiyalar bütün ölkəyə yayılıb.

Yanvarın 15-i gecə saatlarında Tehranın mərkəzində İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik kazarmasında ardıcıl bir neçə partlayış meydana gəlib. SEPAH-ın təhlükəsizlik kazarması ən vacib və ciddi mühafizə olunan mərkəzlərdən biridir.

 

Müəllif | Apa.Tv
Apa.tv