İranın islam əxlaqına sığmayan mövqeyi

“Son günlər təkcə ayrı-ayrı şəxslər, hansısa din xadimləri deyil, İran rəsmiləri də Azərbaycanı təhdid edən nitqlər söyləməyə başlayıblar. Məsələ yalnız təhdidlə də bitmir. İran Ermənistana hərtərəfli yardımlarını da davam etdirir. Əslində, rəsmi Tehranın müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal edən Ermənistanı açıq və ya gizli şəkildə müdafiə etməsi 30 illik tarixə malikdir”.

 

Bu fikirləri APA TV-yə müsahibəsində Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

 

 “Azərbaycan üçün qələbə ilə nəticələnən 44 günlük Vətən Müharibəsindən sonra bir çox məqamlara aydınlıq gəldi ki, onlardan biri də cənub qonşumuz İran İslam Respublikasının bizə olan həqiqi münasibəti ilə bağlı oldu. 30 ilə yaxın bir dövr ərzində işğal, təcavüz və azərbaycanafobiya ilə yanaşı, islamafobiyaya qarşı da gərgin mübarizə aparıb qələbə çalsaq da, itkilərimiz də az olmadı. Təkcə doğma torpaqlarımızı deyil, islami dəyərləri və bütün müsəlman dünyası üçün müqəddəs sayılan məscidlərimizi də işğaldan, təhqirdən və ən ağır alçalmalardan azad etdik”.

 

Xəyal Bəşirlinin sözlərinə görə, 30 il ərzində Ermənistanla iqtisadi əlaqələri gücləndirməklə, birgə iqtisadi layihələr hazırlamaqla, qarşılıqlı səfərlər təşkil etməklə İran düşmən ölkəni ayaqda saxladı.

 

 “Əslində bu fikirləri deməyə bizi İranın özü sövq edir. Vətən müharibəsi zamanı Azərbaycan təkcə öz torpaq və ərazilərini deyil, həmin ərazilərimizdə olan çoxsaylı dini abidələrimizi, o cümlədən 60-dan çox məscidlərimizi işğaldan azad etdi. Bu təkcə Azərbaycana aid olan bir məsələ deyildi, dünyanın heç bir ölkəsində məscidlər müharibə zamanı belə təhqir olunmamışdı. Bu müsəlman dünyası üçün də mühüm məsələlərdən biri idi. İslam dinində müqəddəs ibadətgahlar hamı üçündür və hamı onu qorumalıdır. Çox təəssüflər olsun ki, Ermənistanla sıx iqtisadi əlaqələr quran İran bizim ərazilərimizin 30 il talanmasına şahidlik edib”.

 

“Əgər İran həqiqətən də iddia etdiyi kimi İslam dövlətidirsə, haqlı olaraq ona ünvanlanmış bir çox suallara cavab verməlidir”, - deyən Xəyal Bəşirli əlavə edib ki, dünya coğrafiyasında adından sonra islam sözünün də olması İranın hələ həqiqi müsəlman dövləti olmasından xəbər vermir.

 

 “İlk olaraq İslam dövləti İran niyə ən qatı düşmənlərindən biri kimi ABŞ-ın dünyada ikinci ən böyük diplomatik korpusunun onun baş üzərində olan İrəvanda yerləşdirilməsindən narahat deyil? Sionizmi məhv etməyi ən ümdə məqsəd kimi qarşısına qoyan İran dövlətinin rəsmiləri niyə yəhudi milyarder Corc Sorosun izinin və tozunun belə qalmadığı Azərbaycandan narahatdır, ancaq həmin şəxsin uşağı olan və bunu özü də təkzib etməyən Nikol Paşinyanın hakimiyyətə gəlməsinə sevinir və hətta onunla qucaqlaşırlar? Bu gün İran dövlətinin Azərbaycanla bağlı həyata keçirdiyi siyasətin təməlində səmimiyyət durmayıb”.

 

Politoloq deyir ki, İranın mövqeyi radikaldır, regionda heç bir dəyişiklik və inkişafı qəbul etmir. Bu isə onu bölgə üçün arzuolunmaz qonşuya çevrilir. Bunun hansı fəsadlara səbəb olacağını isə İran siyasi elitası özü düşünməlidir.

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv