İranın “quyruq acısı” nədən qaynaqlanır?
İran Azərbaycanla sərhəd rayonlarda hərbi təlimlər keçirir. İlk vaxtlar bu təlimlər kiçik miqyaslı görünsə də, sonradan təlimlərin miqyası daha da genişləndi. Demək olar ki, İran dövləti arsenalında olan bütün hərbi birləşmələri, hətta SEPAH adlanan xüsusi qoşun növlərini də Azərbaycanla sərhəd ərazilərə yığdı. Son 30 ildə İranın bu ərazilərdə bir dəfə də olsa, hərbi təlimlər keçirmədiyi heç kimə sirr deyil. O zaman nə baş verdi ki, İran genişmiqyaslı hərbi təlimlərin məkanını dəyişməli oldu? Azərbaycanla sərhəd ərazilərə dövlətin az qala bütün hərbi arsenalını yığmağa İranı nə vadar etdi? Yoxsa Azərbaycanın 30 ildir işğal altında qalan torpaqlarını mənfur erməni cəlladlarından xilas etməsi, əli minlərlə günahsız insanın qanına batan uşaq qatillərindən qisas alması özünü sülhün, müsəlmanlığın, insanlığın “himayəçisi” kimi təqdim edən İran dövlətini narahat edir?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, İran-Azərbaycan münasibətlərinin gərgin fazaya keçməsi İrandakı hakimiyyət dəyişikliyindən sonra baş verdi. Onun sözlərinə görə, İranın daxilindəki bəzi siyasi elitalar siyasi böhran yaratmaq niyyətindədirlər və burada Azərbaycan faktorundan da istifadə etməyə çalışırlar.
“Azərbaycan faktoru deyərkən biz həm ölkəmizi, həm də İranda yaşayan soydaşlarımızı nəzərdə tutmalıyıq. Hesab edirəm süni yaradılan böhran yeni hakimiyyətə qarşı yaradılan böhrandır. Bəs nəyə görə bu qarşıdurma yaranıb? Çünki İran həm daxili, həm xarici siyasət üçün bir qərarın qarşısındadır. Qısa bir müddətdə cavab verməlidir. O nüvə probleminə aid beşlərin təşəbbüsü deyilən danışıqlara qayıdır yoxsa yox? Bu qayıdış demək olar ki nüvə silahı məsələsinə bir növ qadağa deməkdir”.
Politoloqun sözlərinə görə, İran daxilində ən çox artan güclərdən biri də SEPAH-dır. O qeyd edib ki, bu hərbi birləşmə həm siyasi, həm maliyyə nüfuzuna malikdir və İranın siyasi elitası bu faktı qəbul etmək istəmir.
“İndiki mərhələdə Azərbaycana qarşı belə bir kampaniya başladıblar. Çünki gətirilən bəhanələr çox yersizdir. Burada sionistlərin olduğun iddia edirlər. Azərbaycanın xüsusən cənubu İsraildən çox uzaqdır. Ancaq təkcə Suriyada minlərlə İran ordusu var və ora İsrailə daha yaxındır. Onları orada qoyub gəlib burda sionist axtarmaq çox gülməlidir. Təxminən mənim təhlilim onu göstərir ki İranın tərkibində bəzi dairələr istəyirlər ki elə bir vəziyyət yaransın ki bu qərarlar qəbul edilməsin. Buna görə bu cür böhran yaratmağa cəhd edirlər”.
Tofiq Zülfüqarov İranın Ermənistanla bağlı fikirlərinin gülməli göründüyünü bildirdi. O qeyd etdi ki, İran özünü Ermənistanın ərazi bütövlüyünün zəmanətçisi kimi adlandırır, hansıki Ermənistan sərhədlərini hazırda Rusiya qoruyur. Həmçinin bu dövlətin ərazi bütövlüyünə KTMT ölkələri məsuliyyət daşıyır. Belə çıxır ki, İran bununla həm də Rusiya və KTMT ölkələrinin işlərinə qarışmaqdadır.
Siyasi analitik Turab Rzayev isə bildirdi ki, hərbi təlimlərlə İran ictimai-siyasi xadimlərinin Azərbaycan əleyhinə açıqlamalar verməsi zaman etibarilə üst-üstə düşür. Bunun isə ölkəmizə qarşı təhdid olduğu ortadadır.
“Bu isə onu göstərir ki, İranın bu təlimləri Azərbaycan və müəyyən qədər ola bilsin ki, türkiyəni hədəf götürüb. Çünki biz açıqlamalarda açıq şəkildə görürük ki, İran tərəfi “Ermənistanın sərhədi bizim qırmızı xəttimizdir”, “Zəngəzur dəhlizi İran üçün strateji məsələdir” , “ Zəngəzurun Ermənistanda qalması İranın qırmızı xəttidir” və s. Ermənistanı qoruyacaq və Azərbaycanın Naxçıvanla Zəngəzurdan dəhliz əldə etməsinin əleyhinə bəyanatlar səsləndirir. Hətta 44 günlük müharibə dövründə biz İrandan Həmrəylik görmədik. Ancaq qardaş ölkələr Türkiyə, Pakistan, Əfqanıstan hətta Cibuti kimi kiçik dövlətlər Azərbaycana həmrəylik nümayiş etdirdi”.
Turab Rzayev onu da bildirdi ki, Azərbaycan hərbi təlimləri və İran dövlət nümayəndələrinin ölkəmizə qarşı yönələn yersiz fikirlərini ciddiyə almadıqca, rəsmi Tehran təhdidləri bir qədər də artırır. Bunun isə digər bir səbəbi Azərbaycanın İsraillə olan mədəni, iqtisadi, hərbi əlaqələridir.
“Gəlin açıq şəkildə etiraf edək ki, hazırda İran hansısa bir ölkəyə hücum edəcək potensialda deyil. Xatırlayırsınızsa ən son belə aventuraya İraq düşmüşdü və İraq Küveyti gücsüz, zəif dövlət hesab edirdi. Ancaq nəticədə İraq Küveytdən məğlub halda geri çəkildi və öz dövlətini, dövlətçiliyini itirdi. Eyni şəkildə İranı da hər hansı bir siyasi aventurada eyni nəticə gözləyir. Azərbaycan indiyə qədər İrana hər vəchlə hörmət edib. Azərbaycanın İsraildə səfirlik açmamasının səbəblərindən biri də müsəlman ölkələrinin o cümlədən İranın münasibətidir. Ancaq biz görürük ki burada Azərbaycana qarşı bir nankorluq var. Bu nankorluq isə təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Türkiyəyə qarşıdır”.
Turab Rzayevin sözlərinə görə, Azərbaycan ictimaiyyəti bu cür bəyanatlardan heç bir zaman çəkinməməlidir. O, qeyd edib ki, Azərbaycan ordusu güclüdür və ölkəmizin xarici siyasəti imkan verir ki, müttəfiqləri ilə birlikdə istənilən xarici hərbi müdaxiləni anındaca dəf eləsin.
Xələf Xələfov,
Üzeyir Ağayev,
APA TV