İranlı narkotacirin tapşırığını yerinə yetirərkən tutuldu

Polis əməkdaşları Lənkəranda saxladığı narkokuryerdən silah və 5 kiloqram heroin aşkar edərək götürüblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının, daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Elçin Əsədov Lənkəran rayonun Göyşaban kəndi ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı həmin şəxsin əlindəki torbadan ayrı - ayrı bağlamalarda ümumilikdə  5 kiloqramdan artıq heroin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid sandıqça və 8 ədəd patron aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı Elçin Əsədovun həmin narkotik vasitə və odlu silahı İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi, pul müqabilində deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində son 20 gün ərzində ümumilikdə 28 nəfər saxlanılıb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv