İraqda baş vermiş iğtişaşların pərdəarxası - İran nə etməyə çalışır? – APA TV
Bağdadda şiə dini lider Müqtəda əs-Sədrə bağlı "Səraya əs-Salam" silahlı qruplaşması ilə İranın dəstəklədiyi "Haşdi Şabi" qruplaşması arasındakı gərginlik davam edir. APA TV-nin xəbərinə görə, məlumatı Fransanın nüfuzlu xəbər agentliyi AFP yayıb. Agentlik toqquşmaların daha çox İraqın paytaxtı Bağdadda müşahidə olunduğunu yazıb. Bildirilir ki, gərginlik avqustun 29-na nisbətən sakitləşsə də, təhlükə qalmaqdadır. İraqın Səhiyyə Nazirliyi ölkədə baş verən iğtişaşlarda 30 nəfərin öldüyünü təsdiqləyib və silahlı toqquşmalar zamanı 350-yə yaxın yaralının olduğu da bildirilib.
Sosial şəbəkələrin İraq seqmentində paylaşılan görüntülərə görə, İrana bağlı qüvvələr nümayişçilərə atəş açıblar. Bundan sonra Sədr tərəfdarları İran İslam Respublikasının bayrağını, habelə Bağdadda iranlı general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin banerlərini yandırıblar.
Maraqlıdır ki, hər iki tərəf də şiə təriqətli qüvvələrdir. Bəzi ekspertlər hadisələrin baş vermə səbəblərini Sədrin İraqda fəallığını artıran İrana qarşı mübarizəni gücləndirməsinə bağlayırlar. İran mediası isə təxribatların Səudiyyə Ərəbistanına bağlı qruplar tərəfindən qızışdırıldığını yazır və Müqtəda əs-Sədr ərəb milliyətçisi adlandırılır. Bəzi ekspertlər isə Sədrin əsas niyyətinin İraqda hakimiyyəti ələ keçirmək olduğunu bildirirlər. Qeyd edək ki, ötən il keçirilmiş parlament seçkilərində Sədrin liderlik etdiyi “Sədr Hərəkatı” 50-dən çox mandat qazanaraq, siyahı birincisi olub, ancaq parlamentdən dəsətk ala bilmədiyinə görə, İraqa rəhbərliyi hələ də müvəqqəti Kazımi hökuməti edir. Ona görə də Əl-Sədr bütün parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Hətta avqustun 30-da narazı kütlə həm parlament, həm də administrasiya binasına soxularaq, hakimiyyətin istefa verməsini tələb edib.
Maraqlıdır, dünyada gərginlik ocaqlarının artdığı bir vaxtda baş verən hadisələr İranın İraqla aktiv qarşıdurmasına və hatta yeni müharibəyə səbəb ola bilərmi? Yoxsa, bu sadəcə ölkə daxilində hakimiyyət mübarizəsidir?
Onu da qeyd edək ki, tarixə daha çox fərqli məzhəb qarşıdurmaları ilə ad yazan İraq bu dəfə eyni məzhəb üzvlərinin, yəni şiələrin mübarizə meydanına çevrilir.
Yaxın Şərq ölkələri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu deyir ki, qanlı toqquşmaların bir neçə səbəbi var. Keçmiş baş nazir Nuri əl Maliki İraqda nazir vəzifəsində çalışmış Sudaninin baş nazirliyə namizədliyini elan edib. Bir tərəfdən Malikinin gizli toplantıda etdiyi çıxışının səs yazısı yayılıb, digər tərəfdən İrana yaxın siyasi qruplar Sudaninin namizədliyinə açıq dəstək veriblər. Bütün bunlar da qarşıdurmalara yol açıb.
Siyasi şərhçi onu da bildirib ki, baş verən proseslərdə əsas diqqətçəkən məqam tərəflərin eyni məzhəbi bölüşmələridir. Bu qarşıdurmanın görünməyən tərəfi isə İraqdakı Nəcəf şiəliyi ilə İrandakı Qum şiəliyinin rəqabətidir.
Vüqar Zifəroğlu onu da vurğulayıb ki, baş verənlər Qərbin planlaşdırdığı İraqın üçə bölünmə layihəsinin alt qatıdır.
İddialara görə, İraqın şimalında kürd, mərkəzində şiə, cənubunda isə ərəb idarəçiliyi nəzərdə tutulur. Siyasi şərhçi deyir ki, bu planın əsas məqsədi rəsmi Tehranın İraq üzərindəki təsirini neytrallaşdırmaqdır.
Qeyd edək ki, Müqtəda əs-Sədr öz tərəfdarlarına “evə gedin” çağırışı edib. Məhz bundan sonra ölkədə komendant saatı ləğv olunub.
Fuad Sadıqov
APA TV