İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
Avrasiya İqtisadi İttifaqının sammiti prezident İlham Əliyevlə şifahi "söz savaşına" başlamağa cəhd edən, amma nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan üçün növbəti biabırçılığın zirvəsi oldu. Üstəlik, o, prezident İlham Əliyevin Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün müxalifət tərəfindən sərt tənqid edilib.
Belə bir vəziyyətdə, görünür, Ermənistanın baş naziri özü üçün dırnaqarası uğurlu lokal qələbə ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edib bəlkə də. Çünki sülh danışıqlarını uzatmaq Ermənistanın məlum siyasi taktikasıdır. Bəlkə də Ermənistan hakimiyyəti sülh danışıqlarına mane olmaq üçün müxtəlif təxribatlara əl atmaqla rəsmi Bakının səbrini sınağa çəkir?!
Görünür, Azərbaycan ərazisində təxribatların törətmək planını qarşısına məqsəd qoyan Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 günlük Vətən müharibəsi dövründəki tərs silləni və ya dəmir yumruğun gücünü unudub. Bəlkə də diplomatik münasibətlər müstəvisində uduzduğu üçün bu yola əl atıb.
İstər Azərbaycan Prezidentinin beynəlxalq tribunalardakı faktlara söykənən çıxışları, istər Azərbaycan Ordusunun gücünü, istərsə də, 44 günlük Vətən müharibəsindən Zəfər ilə çıxan ölkəmizin regionda əsas söz sahibinə çevrilməsini həzm edə bilməyən Ermənistan hakimiyyəti uzun müddət sonra təxribat fəaliyyətini açıq müstəviyə keçirir. Bununla da özünün həm hərbi, həm də siyasi hədəflərinin olduğunu tirajlayır. Gün kimi aydındır ki, diversiya qrupu tapşırıq icra etmək üçün gəlib. Bu Ermənistanın hərbi hədəfi idi. Siyasi hədəfi isə danışıqlar prosesini pozmaq, sülh gündəmini arxa plana keçirməkdir. Çünki təxribat Moskva görüşündən sonra, Kişinyov görüşündən öncə baş verib. Rəsmi Bakı onsuz da Ermənistanın vacib qərarların qəbul ediləcəyi ilə bağlı buna qədərki görüşlərə bir neçə gün qalmış ritorikasının dəyişməsinə adət edib.
AYTƏN SAKİTQIZI
APA TV