İrəvana son xəbərdarlıq: Ya dəhliz, ya da…

Azərbaycanın istəyi regionda sabit geosiyasi vəziyyət və davamlı iqtisadi inkişafdır. Region ölkələri ilə əməkdaşlıq sahəsində hazırlanan strategiyada da bu əks olunub. Bütün bölgəni ağuşuna alacaq bu uğurlu siyasətdən qazanc götürəcək ölkələrdən biri də Ermənistandır.

İqtisadiyyatı fiaskoya uğramış, demoqrafik problemlər yaşayan, borc içində üzən Ermənistanın gələcəyi üçün ən ümidli yol isə təbii ki, Zəngəzur dəhlizinin açılması ola bilər.

Ancaq götürdüyü öhtəliklərə baxmayaraq, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılması prosesini var gücü ilə yubatmağa çalışır. Ermənistandakı bəzi siyasi dairələr isə bu məsələdən öz məqsədləri üçün istifadə edərək ictimai fikri yayındırmağa, çaşqınlıq yaratmağa cəhd edirlər.

Prezident İlham Əliyev dekabrın 6-da Qubaya səfəri zamanı yerli sakinlərlə görüşündə elə bu məsələyə toxunaraq, Ermənistana konkret mesajlar verdi.

Millət vəkili Cavid Osmanovun fikrincə, rəsmi İrəvan başa düşməlidir ki, süni əngəllər törətməklə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxa bilməyəcək: “Əgər Ermənistan düşünürsə, danışıqlar prosesinə süni əngəllər törədərək dəhlizin açılışını həyata keçirməyi əngəlləyəcəklər, bu onlar üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Onsuz da ölkədə vəziyyət çox acınacaqlıdır. Bütün sahələrdə böhran hökm sürür. Ermənistan ilk növbədə özü maraqlı olmalıdır ki, Zəngəzur dəhlizi daha tez açılsın və Ermənistan bununla da bloka şəraitindən çıxsın. Digər tərəfdən Azərbaycan heç də danışıqlar naminə təmaslarda olmayacaq. Buna görə də Ermənistan gərək ciddi nəticə çıxarsın və dəhlizin açılması iləö bağlı konkret addımlar atsın. ”

Millət vəkili onu da əlavə etdi ki, təkcə bölgə ölkələri deyil, dünyanın bir çox ölkələri bu dəhlizin açılmasında maraqlıdır və bu baxımından da Ermənistan ciddi nəticə çıxarmalıdır.

Millət vəkili Sahib Alıyev isə bildirdi ki, Ermənistan dəhlizin açılmasında nəzarət mexanizminin onların əllərində olması şərtini irəli sürür, baxmayaraq ki, dəhlizin açılması rəsmi İrəvanın da maraqlarına cavab verir: “Soçi danışıqları da onu göstərdi ki, Azərbaycan Prezidentinin irəli sürdüyü tələb gec və ya tez reallaşdırılmalıdır. Çünki Ermənistanın təhlükəsizliyi ilə bağlı ən böyük yükü öz üzərinə götürən dövlət olaraq Rusiya da bunun fərqindədir. Əgər bu belə olmasaydı Soçi danışıqlarında cənab Putinin dilindən məhz “dəhliz” ifadəsi eşitməzdik”

Millət vəkili onu da qeyd etdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasından qaça bilməyəcəyinin fərqindədir: “Fikirləşirəm ki, 15 dekabrdan sonar istər- istəməz Ermənistan rəhbərliyi diqqətə çarpacaq addımlar atacaq və açığı deyim ki, Ermənistanın iqtisadiyyat və Rusiyanın sənaye nazirlərinin kommunikasiyalar haqqında danışıqları və Rusiyanın nəqliyyat infrastrukturlarını lahiyələşdirən elmi mərkəzlərdən birinin rəhbərinin İrəvanda olması onda xəbər verir ki, Ermənistandakılar belə bu dəhlizin açılmalı olduğunu və bundan qaça bilməyəcəklərini fərqindədirlər”.

Zəngəzur dəhlizinə qarşı çıxan ölkələrdən biri olan İranın Aşqabad görüşündən sonra dəyişdiyini də qeyd edən deputat bildirib ki, bu dəhliz regiondakı ölkələrin inkişafına xidmət edəcək.

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv