İrəvanda hava limanı, metro, meriya partladıla bilər - ABŞ səfirliyi
Amerika Birləşmiş Ştatlarının İrəvandakı səfirliyi bu ölkədəki amerikalılara xəbərdarlıq edib. APA TV erməni mediasına istinadən xəbər verir ki, ABŞ vətəndaşlarına təhlükəsizlik məqsədilə bəzi ərazilərə getməmələri üçün müraciət edilib. Müraciətdə bildirilib ki, son günlər paytaxt İrəvanda rəsmi binalarda və ictimai nəqliyyatda partlayıcı qurğuların olması ilə bağlı kütləvi informasiya vasitələrində xəbərlər yayılır. Səfirlik ABŞ vətəndaşlarına “Zvartnots” hava limanı, İrəvan metrosunun stansiyaları, İrəvan meriyası və Ermənistan Respublikası Milli Assambleyasının binalarından istifadə etməməyi tövsiyə edir. Müraciətdə vurğulanır ki, hazırda xüsusi xidmət orqanları Zvartnots hava limanında, bütün metro stansiyalarında, Meriya və Milli Assambleyada bomba təhlükəsi ilə bağlı araşdırma aparır. ABŞ Səfirliyi vətəndaşlarını yerli medianı izləməyə, izdihamlı yerlərdən qaçmağa, dostlara və ailəyə təhlükəsiz olduqlarını bildirməyə və yeniliklərdən xəbərdar olmağa çağırıb.