İrəvanın təxribatının pərdəarxası: Dron və snayperdən istifadə nədən xəbər verir?

11 may tarixində Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan və toplardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Zod istiqamətində hərbi birləşmələr və zirehli texnika yığır. Əraziyə snayperlər də cəlb edilir.

Azərbaycan hərbçisinin hədəfli atəş nəticəsində yaralanması da Ermənistanın snayperlərdən istifadə etməsinin sübutudur. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan vəziyyəti məqsədli şəkildə gərginləşdirir.

Politoloqlar düşünürlər ki, İrəvanın əsas məqsədi Azərbaycanı hansısa addımlara məcbur etmək və son nəticədə vəziyyəti gərginləşdirməkdə, yaxud təcavüzdə ittiham etməkdir.

Ekspertlər düşünürlər ki, Ermənistanın dərhal zərbə dronlarından istifadə etməsi əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olub. Elə Ermənistanın Müdafiə Nazirliyinin və onunla sinxron şəkildə Xarici İşlər Nazirliyinin çox qısa intervallarla ardıcıl açıqlamalar, bəyanatlar verməsi və vəziyyət barədə feyk məlumatlar yaymasından da bəllidir ki, bu təxribat qabaqcadan planlaşdırılıb.

 

Heç şübhəsiz ki, Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni çətin vəziyyətlə üzləşəcəyini, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması, əgər tanıyırsa, hansı çərçivədə bunu etdiyi barədə suala birmənalı cavab verməyə məcbur olacağını bilir. Buna görə də vəziyyəti gərginləşdirməklə, ənənəvi metod olan təxribata əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Məhz bu səbəbdən də sərhəddə törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

AYTƏN SAKİTQIZI

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv