İş adamı Bakıda ağaca ev tikir
Bu tikili, Zakir Yusibov adına 194 nömrəli tam orta məktəbin dəmir hasarına 3 metr məsafədə tikilib. Burada maraqlı, bir o qədər də tragikomik vəziyyət yaranıb. Sanki uzun illərdir evsiz qalan ağaca ev tikilir. Tikildikdən sonra ağacın taleyi necə olacaq, bunu hamımız təxmin edirik. Kökündən kəsiləcək. Burada tikiliyə göz dəyməsin deyə, üzərlik də var.
Sahibkarın kimliyini, bu ağaclar ətrafında nə kimi planlar qurduğunu öyrənə bilməsək də, ətrafda yaşayan sakinlərlə dərdləşə bildik. Dedilər ki, 20 gündən çoxdur, bu həmişəyaşıl ağacların ətrafında hörgü işlərinə başlanılıb.
Bu ərazidə yaşayırıq və bilmirik ki, nə tikilir. 15 gündür başlayıblar tikməyə. Ağac ortada qalıb, bu düzgün deyil, yaşıllığı məhv edirlər.
Ən ürək dağlayan mənzərə isə gördüyünüz bu kadrlarda əks olunub. Yük maşınları hörgü daşlarını düz ağacların dibinə boşaldıb. Elə çəkiliş apararkən yaşlı bir kişinin əlində balaca bir tink ərazidən keçdiyini gördük. Bir-birinə zidd olan iki mənzərə.
Məsələyə münasibətlərini öyrənmək üçün elə ərazidəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, məsələ dərhal araşdırılacaq və lazımi tədbir görüləcək. Bəli, müəyyən cəza tədbirləri, cərimələr tətbiq olunacaq. Ancaq bu nəfəsimizi kəsənlərə dərs olacaqmı? Çətin. Ən azından bu günə qədər dərs olmadığı göz qabağındadır.