İş adamı öz adını verdiyi şadlıq evində öldü
Göygöldə bədbəxt hadisə baş verib.
Hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb. Qəsəbədə fəaliyyət göstərən "Münasib” şadlıq sarayının sahibi, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov restoranın həyətində anidən yıxılıb.
Münasib Polad oğlu Məmmədovun yaxınları bildiriblər ki, o, restoranın həyətində gəzərkən qəflətən halı pisləşib. Yerə yıxılan Münasib Məmmədov orada keçinib. Yaxınları mərhumun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Onun epilepsiya tutmasından yıxıldığı bildirilir.
Qeyd edək ki, Münasib Məmmədov uzun müddət sahibkarlıqla məşğul olub. O, biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub. Münasib Məmmədov daha sonra biznesini Azərbaycanda davam etdirib və şadlıq sarayı tikdirərək ona öz adını verib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.