İşğaldan azad olunan Ağdərədə ilk dəfə imtahan keçirilib – APA TV
Dövlət İmtahan Mərkəzi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 30 şəhər və rayonda təşkil olunan imtahanda 52 min 267 şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahanda ümumilikdə 36 nəfər sağlamlıq imkanları məhdud abituriyent iştirak edib. Onlar üçün imtahan binalarında xüsusi zallar ayrılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan şagirdlər də olub. Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil etdiyi ilk imtahan idi. Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. Nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.