İşğaldan azad olunan ərazilərdə minalar belə partladılır

İşğaldan azad olan ərazilərdə minatəmizləmə əməliyyatları sürətlə davam edir.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, aparılan təmizləmə işlərinə öncülük edən, illərdir ermənilərin basdırdığı minaları aşkarlayıb zərərsizləşdirən ANAMA-nın əməkdaşlarıdır. Hazırda onların yüzlərlə mina təmizləyən əməliyyatçıları, onlarla minaaxtaran itləri, 11 ədəd isə mexaniki mina təmizləyən maşınları minalı əraziləri təmizləyir.

ANAMA-nın şöbə müdiri Adil Aslanov deyir ki, indiyə qədər 28 000-dən artıq  partlamamış hərbi sursat məhv edilib: Təsəvvür edin ki, indiyə qədər 28 000-dən artıq  partlamamış hərbi sursat məhv etmişik. 13 000-ə yaxın sursatlar o cümlədən 5000-ə yaxın tank əleyhinə mina aşkar etmişik. Bunların hər birisi müxtəlif çeşidlər, müxtəlif formalara salınmış  müxtəlif minalardır.”

Ən təhlükəli hesab olunan ərazilərdə ilk olaraq mexaniki mina təmizləyən maşınlardan istifadə olunur. Daha sonra isə təmizlənmiş ərazilərə xüsusi  təlim keçmiş itlər buraxılır. Məhz bundan sonra ərazinin təmiz olub olmadığı müəyyən edilir. Minatəmizləyənlər çox diqqətli olmaq məcburiyyətindədirlər. Çünki bu yerlərdən onlardan əvvəl ermənilər keçib.

Adil Aslanov deyir ki, fəaliyyət göstərdiyimiz ərazidə ermənilərin heç bir standarta uyğun olmayan mina sahələrinə rast gəlirik: “Belə ki,  bəzi hallarda biz piyada əleyhinə mina aşkarlayırıq. 1 kv metr ərazidə deyək ki, 3-4 yox 5-6 mina yox, 7 mina sürpriz şəkildə qoyulub. Sürpriz quraraq, onu piyada əleyhinə minaya birləşdiriblər. Onu çıxaran zaman o mina işə düşsün. Digər bir variantda isə biz tank minasının partlayıcısını çıxararaq onun yerinə piyada əleyhinə mina qoymaqla bunu edirlər”.

İlk olaraq yolların təmizlənməsi işğaldan azad olunan ərazilərə giriş yolların açılması və həmin ərazilərdə tikinti-quruculuq işlərini davam etdirmək üçün zəmanət yaratmaqdır.

“İşğaldan azad olmuş ərazilərdə tikinti quruculuq işləri çox böyük sürətlə davam edir”, - deyən Adil Aslanov işlərinin koordinasiya olunmuş şəkildə həyata keçirildiyini qeyd edib: “Bütün görülmüş işlərin hər biri müxtəlif dövlət qurumları arasında müəyyən prioritetlər əsasında qurulur və koordinasiyalı şəkildə həyata keçirilir.”

Müdafiə Nazirliyi tərəfindən qeyd olunmuş layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 ha ərazi təmizlənib.

Habil Aslanoğlu, Ziya İsmayıloğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv