“İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin müzakirəsi keçirilib

 

Nizami Kino Mərkəzində “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli filmin ictimai müzakirəsi keçirilib. Müzakirədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, sənədli filmdə çəkilmiş əsirlik və girovluqdan azad edilmiş şəxslər, qeyri-hökumət təşkilatları və media təmsilçiləri iştirak edib. Agentliyin İcraçı direktoru Aygün Əliyeva “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin rəhbəri, tanınmış telejurnalist Mübariz Əsgərovun müəllifi olduğu “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin bu günlərdə televiziyalarda nümayiş etdirildiyini, böyük rezonans yaratdığını bildirib. Filmdə üstü açılan dəhşətli faktları, işgəncələrlə öldürmə hallarını bu günlərdə Şuşa həbsxanasının ərazisində tapılmış kütləvi məzarlıq da təsdiq edir. A.Əliyeva xarici ölkələrdəki vətəndaş cəmiyyəti təsisatlarını, insan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatları aşkara çıxan faktlara diqqət yetirməyə çağırıb. “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Mübariz Əsgərov Qeyri-Hökumət Təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə belə bir strateji mövzuda işin ərsəyə gəlməsində dəstək göstərdikləri üçün öz təşəkkürlərini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv