İsmayıllının dörd kəndinin sakinləri ağrıkəsici almaq üçün niyə Qəbələyə gedir?

İsmayıllının Qalacıq, İstisu, Çayqovuşan və Sumağallı kənd sakinləri problemlər əlindən çıxılmaz vəziyyətdə qalıblar. Bu kəndlərdə nə düz-əməlli yol var, nə kommunikasiya sistemi var, nə də müayinədən keçə biləcəyiniz, standartlara cavab verən tibb məntəqəsi var. 5000-dən çox sakin şikayət edir ki, sağlamlıqları da, yaşamaqları da Allahın ümidinə qalıb. 4 kəndin sakinlərinin sağlamlığına cavabdeh olan Qalacıq tibb məntəqəsi keçmiş kolxoz binasında fəaliyyət göstərir. Problem sadəcə məntəqə binasının vəziyyəti ilə də bitmir. Əl altında nə müasir bir avadanlıq, nə də dərman vasitəsi var. Bu kəndlərdə tibb məntəqəsinə və aptekə ehtiyac olmayanı bəxti gətirmiş adlandırmaq olar. Sakinlər bildirir ki, bir ağrıkəsici tapmaq belə çətin məsələdir. İllər əvvəl Qalacıq kəndində tibb məntəqəsi açılsa da açılışdan bir müddət sonra fəaliyyətini dayandırıb. İstisu kəndində isə məktəb binasında baxımsız və qəzalı vəziyyətdə kiçik bir məntəqə var ki, orda da nə iynə, nə də dərman tapmaq mümkündür. Kənddə problem bununla bitmir. Sakinlər yollardan və kommunikasiyadan da şikayətçidir. Vətəndaşlar deyir ki, XXI-ci əsr olmasına baxmayaraq yollar bərbad, internetin sürəti isə yox səviyyəsindədir. Sakinlərin şikayətlərini dinlədikdən sonra problemlərin həlli ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıq. Sakinlərin tibb məntəqələri ilə bağlı problemləri ilə əlaqədar TƏBİB-in mətbuat xidmətinin açıqlaması isə belə oldu: “İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Qalacıq tibb məntəqəsi üçün 2006-cı ildə Yaponiya səfirliyi müasir tələblərə cavab verən bina tikib. Həmin bina kənddən uzaq məsafədə yerləşir. Sakinlərin məntəqəyə gedib-gəlmələrində çətinlik olduğu üçün Qalacıq Ailə Sağlamlıq Mərkəzi Qalacıq kəndindəki keçmiş kolxoz binasının bir neçə təmirli otağında vətəndaşlara ilkin səhiyyə xidməti göstərir. İstisu tibb məntəqəsinin binası isə yararsız vəziyyətdədir. Bu barədə aidiyyəti üzrə müraciət ünvanlanıb. Sumağallı tibb məntəqəsi isə müasir tələblərə cavab verən binada vətəndaşlara ilkin səhiyyə xidməti göstərir. Onu da bildirək ki, hər 3 məntəqə İsmayıllı RMX tərəfindən vətəndaşlara ilkin səhiyyə xidmətinin göstərilməsi üçün zəruri dərman vasitələri, tibbi və digər sərfiyyatlarla mütəmadi olaraq təmin edilir”-deyə, açıqlamada bildirilib. Eşitdiklərimizdən sonra gördüklərimizə inamımızı itirib, sakinlərin yolla bağlı şikayətlərinə bir ümidverici cavab tapmaq ümidi ilə AAYDA ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli şifahi olaraq bildirdi ki, adı çəkilən yollar təmir olunması nəzərdə tutulan yolların siyahısına daxil edilib: “İnvestisiya proqramına daxil ediləcəyi təqdirdə təmiri həyata keçiriləcək.” “Aztelekom” MMC - nin mətbuat katibi Alidə Mustafayeva bildirdi ki, İsmayıllı rayonunda “Aztelekom”un xidməti ərazisində mövcud abunəçilərin internet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda kütləvi nasazlıq müşahidə olunmur: “Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Əgər hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar. Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır. Texniki problemlərlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. Hazırda “Aztelekom” MMC-nin “Dağlıq Şirvan” Regional Filialının xidməti ərazisində də yeni texnologiyaların tətbiqi ilə şəbəkənin genişləndirilməsi üzrə layihələr icra olunmaqdadır. Həmçinin İsmayıllı rayonunun sözügedən İstisu kəndi üzrə də GPON layihə mövcuddur ”-deyə, mətbuat katibi bildirib. İlham Əhmədov, Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv