İsrail Prezidenti 19 yaşlı azərbaycanlı hərbçi ilə görüşdü
İsrail Prezidenti İshak Hersoq ölkə ordusunda xidmət edən azərbaycanlı Cəlal Hüseynovu qəbul edib.
İlin yekunları ilə bağlı keçirilən tədbirdə Prezident 19 yaşlı Cəlal Hüseynova mükafatı şəxsən təqdim edib.
Mərasimdə Cəlala böyük sürpriz də təşkil edilib. Belə ki, onun xəbəri olmadan anası Nüşabə Əliyeva İsrail dövlətinin təşkilatçılığı ilə Bakıdan Təl-Əvivə aparılıb. Dekabrın 20-də baş tutmuş təltifetmə mərasimi zamanı Cəlal Hüseynov anası ilə görüşüb və təsirli anlar yaşanıb.
Məlumata görə, Cəlal Hüseynov 9-cu sinfi Bakıda bitirdikdən sonra qohumlarının yaşadığı İsrailə gedib və orta məktəbi orada bitirdiyi üçün bu ölkənin ordusunda xidmət keçib. O, həm Azərbaycan, həm də İsrail vətəndaşıdır.
Cəlal Hüseynovun anası Nüşabə Əliyeva “Qafqazinfo”ya açıqlamasında oğlunun hazırda İsrail Ordusunda xidmət etdiyini bildirib: “Cəlal İsraildə uzun illərdir ələ keçirilməsi mümkün olmayan terror qrupunu zərərsizləşdirib, bu şücaətinə görə mükafatlandırılıb. Cəlal Azərbaycana çox bağlıdır. O, əslən Ağdam rayonundandır, vətəninə, xalqına bağlı bir gəncdir, fəxr edirəm ki, belə bir oğul anasıyam”, - deyə Nüşabə Əliyeva qeyd edib.