İsrail şirkətləri işğaldan azad olunan ərazilərə dəvət olunur

ADA Universitetində Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib ki, innovasiyaların özəl və dövlət sektorunda tətbiqinin stimullaşdırılması, startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sisteminin hazırlanması, innovasiya klasterinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, 2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əlavə dəyərdə xüsusi çəkisinin 15%-ə qədər artırılması hədəflənir.

Orxan Məmmədov qeyd edib ki, 2021-ci ildə KOB subyektləri tərəfindən elmi-tədqiqat xərcləri 21,4 milyon manat və ya təqribən 13 milyon dollar təşkil edib. Əvvəlki dövr ilə müqayisədə təqribən 36% artım olsa da, qarşıya qoyulmuş hədəflərin əldə edilməsində bu göstəricinin həm dövlət, həm də özəl sektor vasitəsilə yüksəldilməsinə ehtiyac var.

Kənd təsərrüfatı naziri İnam Kərimov isə bu gün Azərbaycanla İsrail arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edib.

Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bunu nəzərə alaraq, İsrail şirkətləri özlərinin ən qabaqcıl texnologiya və təcrübələrini bizimlə bölüşə bilərlər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, Azərbaycanın qapıları xarici investisiyalar üçün açıqdır.

Onun sözlərinə görə, Azərbaycanın investisiya ilə bağlı fürsətləri genişdir. Bu fürsətdən istifadə edərək, İsrail biznes dairələrindən olan nümayəndələr Azərbaycana investisiya qoya bilər.

Müəllif | Apa.Tv
Apa.tv